Aqrar sığorta fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsinə dair audit hesabatı müzakirə olunub
Bakı, 11 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.
Palatadan AZƏRTAC-a bildirilib ki, kollegiya iclasında auditor Cavid Bayramov tərəfindən təqdim edilən “Aqrar sığorta fəaliyyətinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə olunub. Qeyd olunan məsələ üzrə iclasda Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov və digər məsul şəxslər iştirak ediblər. Onlar auditin nəticələrinin aidiyyəti sahədə fəaliyyətin təkmilləşdirilməsinə töhfə verəcəyini vurğulayaraq, irəli sürülən təklif və tövsiyələrin nəzərə alınacağını qeyd ediblər.
Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurum tərəfindən zəruri tədbirlərin görülməsinə dair qərar qəbul olunub.
Daha sonra “Əmlak vergisinin proqnozlaşdırılması, hesablanması və yığılmasının auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə olunub. Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurum tərəfindən zəruri tədbirlərin görülməsinə dair qərar qəbul olunub.
İclasın sonunda gündəlikdə nəzərdə tutulan digər cari məsələlərə də baxılıb.