Aqrar Xidmətlər Agentliyinin sədri tabeli qurumların fəaliyyəti ilə tanış olub
Bakı, 16 dekabr, AZƏRTAC
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Yevlax, Bərdə və Tərtər rayonlarında yerləşən tabeli qurumlarının fəaliyyəti, həmçinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin laboratoriyalarında görülən işlərlə tanış olub, inzibati binalara baxış keçirib, əməkdaşlarla görüşüb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, görüşlərdə sədr Sərdar Hacıyev aqrar sahəyə göstərilən dövlət dəstəyinin əhəmiyyəti və bu sahənin daha da inkişaf etdirilməsi üçün qarşıya qoyulan əsas hədəflər barədə məlumat verib. Baytarlıq tədbirlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə yeni innovativ texnologiyalara dair maarifləndirici tədbirlərin aparılması, fermerlərə göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması barədə danışıb.
Eyni zamanda, sort-sınaq məntəqələrinin, regional təlim mərkəzlərinin, laboratoriyaların fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması, şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsinin vacibliyi iştirakçıların nəzərinə çatdırılıb.
Sonda mütəxəssislərin gördüyü işlərə dair məlumatlar dinlənilib, səslənən təkliflər qeydə alınıb, mövcud çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün müvafiq tapşırıq və tövsiyələr verilib.