CƏMİYYƏT
AQTA ilə ÜST-nin Azərbaycan nümayəndəliyi əməkdaşlığı genişləndirir



Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı ilə görüşüb.
Görüşdə Agentliklə ÜST arasında əməkdaşlığın perspektivləri, birgə həyata keçiriləcək tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müzakirələr zamanı bu il sentyabrın 14-15-də Bakıda “Dayanıqlı və yüksək səviyyədə təşkil olunmuş Milli Kodeks Sisteminin yaradılması üçün Azərbaycan Respublikasına dəstək” layihəsi çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Kodeks Alimentarius Komissiyası və AQTA-nın birgə təşkilatçılığı ilə “Qida standartları həyatları xilas edir” mövzusunda agentliyin 5 illiyinə və Kodeksin 60 illiyinə həsr olunmuş tədbirin uğurla keçirildiyi məmnunluqla qeyd olunub. Tədbirdə iştiraka görə H.Harmancıya təşəkkür edilib, ÜST ilə birgə əməkdaşlıq çərçivəsində icra olunacaq layihələrin əhəmiyyətinə toxunulub.
AQTA sədri görüş zamanı əhali arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən tədbirlər barədə ÜST-nin nümayəndəsini məlumatlandırıb. Birgə əməkdaşlığın genişləndirilməsi sahəsində səyləri artırmağın vacibliyi qeyd olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.