AQTİ rəsmisi: Laborator müayinələrin aparılması müddətləri beynəlxalq metodlarla müəyyən edilir
Bakı, 23 dekabr, Pərvanə Qafarova, AZƏRTAC
Ölkəmizdə laborator analizlər beynəlxalq səviyyədə qəbul olunmuş metodlara uyğun şəkildə aparılır və hər bir müayinə növü üçün əvvəlcədən müəyyən edilmiş vaxt çərçivəsi mövcuddur. Bu metodların tətbiqi laboratoriyaların beynəlxalq akkreditasiyadan keçməsini də təmin edir.
Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədrinin müavini Ramazan Nəbiyev bildirib.
Ramazan Nəbiyev qeyd edib ki, müayinələrin aparılma müddəti ilə bağlı bəzən nəticələrin daha qısa zamanda əldə olunmasının mümkün olub-olmaması ilə əlaqədar müraciətlər daxil olur. “Qeyd etmək istərdim ki, müayinə müddətləri tətbiq edilən analiz metodları ilə müəyyənləşdirilir və nəticənin əldə edilməsi üçün zəruri olan minimum vaxtı əhatə edir. Bu müddətlərin süni şəkildə qısaldılması mümkün deyil”, – deyə R.Nəbiyev vurğulayıb.
AQTİ rəsmisi bildirib ki, xüsusilə yüksək riskli məhsulların təhlükəsizlik göstəricilərinə mikrobioloji analizlər də daxildir. Bu cür müayinələr zamanı nümunədə mikrobioloji çirklənmənin olub-olmadığını müəyyən etmək üçün axtarılan mikroorqanizmlərin inkişafı üçün müvafiq şərait yaradılır. “Nəticənin düzgün və etibarlı olması üçün mikroorqanizmin növündən asılı olaraq onun inkişaf müddəti gözlənilməlidir. Beynəlxalq metodlara əsasən bu müddət adətən 5–7 gün təşkil edir. Bu müddət gözlənilmədən nəticə əldə etmək mümkün deyil”, – deyə o qeyd edib.
Ramazan Nəbiyev əlavə edib ki, müayinə müddətləri nəticənin əldə olunması üçün zəruri olan minimum vaxtdır və bu müddətlərə hər hansı digər amilin təsiri yoxdur. Buna görə də laborator analizlərin daha da qısaldılması mümkün olmur.