AQUPDK uşaq inkişafı üzrə mütəxəssislər üçün təlim keçirir
Bakı, 10 oktyabr, AZƏRTAC
Ölkəmizdə fəaliyyət göstərən uşaq inkişafı mütəxəssislərinin erkən uşaqlıq dövründə uşaqlarla iş istiqamətində geniş məlumatlandırılması məqsədilə Türkiyədən dəvət olunmuş klinik psixoloq, psixoterapevt Fundem Ecenin iştirakı ilə dördgünlük təlim başlayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, komitənin təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə oktyabrın 10-13-də Sabunçu Gənclər Evində keçirilən təlimdə 100-ə yaxın mütəxəssis iştirak edir.
Açılış tədbirində çıxış edən Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva erkən uşaqlıq dövründə uşaqlarla işləyən mütəxəssislər üçün maarifləndirici təlimlərin təşkil olunmasının əhəmiyyətini vurğulayıb, Komitə tərəfindən bu istiqamətdə mütəmadi seminarların təşkil edildiyini diqqətə çatdırıb.
Təlim çərçivəsində “Bağlanma nəzəriyyəsi ilə oyun terapiyasının əlaqəsi” və “Uşaqlarda diqqət əskikliyi və hiperaktiv pozuntu” mövzularında məlumatlandırma həyata keçirilir.
Yekunda iştirakçılara sertifikat təqdim olunacaq.
Qeyd edək ki, təlim Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolunun Fəaliyyət planına əsasən keçirilir.