“Araz-Naxçıvan” “Neftçi”nin yetirməsini transfer edib
Bakı, 23 yanvar, AZƏRTAC
“Araz-Naxçıvan” dövrələrarası fasilədə növbəti transferini rəsmiləşdirib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Naxçıvan təmsilçisi 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də üzvü olan Ramin Nəsirlini heyətinə qatıb. Sağ cinah yarımmüdafiəçisi ilə 6 ay + 1 il müddətinə müqavilə imzalanıb.
“Neftçi”nin yetirməsi olan R. Nəsirli bir müddət Latviyanın güclülər dəstəsində iştirak edən “Dauqavpils” klubunda legioner həyatı yaşayıb. 2023-cü ilin fevralında bu kluba keçən futbolçu ötən ay geri dönüb.
“Araz-Naxçıvan”a keçidi ilə bağlı klubun rəsmi saytına danışan R.Nəsirli bunları söyləyib: “Baş məşqçi ilə görüşdüm, məni komandada görmək istədiyini bildirdi. Dəvətə və etimada görə ona təşəkkür edirəm. Üzərimdə çalışacağam, məqsədim əsas komandada meydana çıxmaq, daimi oynamaqdır. Bilirəm, mövqeyimdə rəqabət var, ancaq bura ehtiyatda oturmaq üçün gəlməmişəm. Başqa klublardan da təkliflər var idi. Latviyadan və yerli klublarımızdan dəvət almışdım. Ancaq “Araz-Naxçıvan”ın oyun üslubu daha cəlbedici olduğuna görə bu komandanı seçdim. Kollektiv də məni mehriban qarşıladı. Artıq iki məşqdə iştirak etmişəm. Gördüklərim məni qane edir”.
Qeyd edək ki, “Araz-Naxçıvan” bir neçə gün əvvəl İldar Alekperovu “Sabah”dan icarəyə götürüb.