ARIÇILIQ MƏHSULLARININ SƏRGİ-SATIŞ YARMARKASI BAŞA ÇATMIŞDIR
Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq məhsulları istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin təşkilatçılığı ilə baş tutmuş budəfəki yarmarka öz miqyasına görə əvvəlkilərdən fərlənmişdir. Tədbirdə arıçılıqla məşğul olan 520 nəfər iştirak etmiş, 300 tonadək bal satılmışdır.
Nazirliyin şöbə müdiri Çingiz Fərəcov demişdir ki, sərgi-satış yarmarkasını keçirməkdə məqsəd bal satmaq yox, paytaxtımızın əhalisinə yüksək keyfiyyətli Azərbaycan balını dadızdırmaq, bütün dərmanların şahı olan balın möcüzəli xüsusiyyətləri barədə bilikləri artırmaq, arıçılara bu sahəyə dair minimum bilik vermək, qabaqcıl təcrübənin tətbiqi sahəsində müəyyən iş görmək və s. olmuşdur. Tədbirin doğurduğu böyük maraq göstərdi ki, qarşımıza qoyduğumuz məqsədə çata bilmişik. Sərgiyə gələnlər keyfiyyətli balın necə olduğunu öyrəndilər. Yarmarkanın gedişi zamanı müxtəlif tədbirlər keçirmişik. Ölkəmizin arıçılıqla məşğul olan alimlərinin, Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutu əməkdaşlarının, sərginin işində iştirak etmək üçün Türkiyədən gəlmiş məşhur arıçı Bəhri Yılmazın iştirakı ilə keçirilən elmi-praktik konfranslarda arıçılara qiymətli tövsiyələr verilmişdir. Əslində bu, arıçıların bayramı idi. Qərara almışıq ki, belə sərgi-satış yarmarkalarının ildə bir dəfə keçirilməsinə nail olaq. Gələcəkdə sərgi-satış yarmarkasının coğrafiyasını genişləndirmək əzmindəyik. Amerika Birləşmiş Ştatları, İngiltərə, Hollandiya kimi keyfiyyətli arı balına böyük ehtiyac hiss edilən ölkələrdən qonaqların dəvət olunmasını planlaşdırırıq. Çalışacağıq ki, min bir dərdin dərmanı və ən yaxşı qida olan Azərbaycan balının möcüzəli mahiyyətini bütün dünyaya tanıdaq.