Arif Əsədov: “Sabah” və “Zirə” bu gün daha məsuliyyətli olmalıdır
Bakı, 1 avqust, AZƏRTAC
Həm “Sabah”, həm də “Zirə” komandaları bugünkü matçlarda konsentrasiyalarını qoruya bilsələr, ilk oyunlardakı üstünlüklərini əldən verməyəcəklər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində mübarizə aparan “Sabah” və “Zirə” komandalarının bu gün keçirəcəkləri oyunlarla bağlı danışarkən deyib.
Veteran futbolçu “Sabah”ın növbəti mərhələyə adlamaq ehtimalının 70 faiz olduğunu bildirərək qeyd edib: “Amma bu, komandanı arxayınlaşdırmamalıdır. “Partizan”la ötənilki oyunlar hər kəsin yadındadır. Doğma meydanda 2:0 hesabı ilə qalib gəlsək də, səfərdə bunu qoruya bilməmişdik. Əlbəttə, burada doğma meydan amili də önəmlidir. Çünki bu cür azarkeşi böyük olan rəqiblərə qarşı oynamaq çətin olur. İndi isə vəziyyət fərqlidir, biz “Makkabi” ilə evdəki qarşılaşmaya üstün çıxacağıq. Ən əsas olan məsələ ilk dəqiqlərdən qapımızdan top buraxmamaqdır. Bunu bacarsaq, işimiz rahat olacaq”.
Mütəxəssis bildirib ki, “Zirə”nin 4:0 hesablı qələbə qazanması onları arxayınlaşdırmamalıdır. “Onlar meydanda məsuliyyətli şəkildə mübarizə aparmalıdırlar. İlk matçda “Zirə” öz gücünü tam göstərə bilmədi. Sadəcə, qısa zaman ərzində vurulan qollar görüşün taleyini həll etdi. Rəqib topla oynamağı sevən komandadır. Diqqətli olmalıyıq. Rəşad Sadıqov da öz təcrübəsi hesabına futbolçulara oyunun əhəmiyyətini izah edəcək”, - deyə o vurğulayıb.
Qeyd edək ki, “Sabah” - “Makkabi” (Hayfa, İsrail) oyunu saat 20:00-da “Bank Respublika Arena”da, “Dunayska Ştreda” (Slovakiya) – “Zirə” görüşü isə Bakı vaxtı ilə saat 22:30-da “DAC Arena” keçiriləcək.