Asif Şirəliyev: Təşkilatçılığa həssas yanaşmağımız Dünya Güləş Birliyi tərəfindən yüksək qiymətləndirilir
Bakı, 27 iyul, AZƏRTAC
Azərbaycanın güləş yığmalarının turnirə hazırlığı yüksək səviyyədədir və əsas məsuliyyət milli komandanın məşqçilər korpusunun üzərinə düşür. Ev sahibi olduğumuz üçün çalışmalıyıq ki, yarışda bayrağımız ucalsın, Dövlət Himnimiz səsləndirilsin.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Güləş Federasiyasının Hakimlər Komitəsinin sədri Asif Şirəliyev Bakıda bu gün start götürən U-17 dünya çempionatı barədə danışarkən deyib.
O, Azərbaycanın böyük idman təcrübəsinə malik olduğunu vurğulayıb: “Xatırlatmaq istəyirəm ki, biz hələ 2015-ci ildə ilk Avropa Oyunlarına ev sahibliyi etmişik. Bu, bizə göstərilən böyük etimaddır və Azərbaycanın idman ölkəsi olmasının bariz nümunəsidir. Təşkilatçılığa, hər bir xırda detala çox həssaslıqla yanaşırıq ki, bu da Dünya Güləş Birliyi (UWW) tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda, ölkəmizdə İslam Həmrəyliyi Oyunları, eləcə də 2007-ci ildə Pekin Olimpiadasından öncə böyüklər arasında dünya çempionatı keçirilib. O vaxt mən gənc idim və ilk dəfə beynəlxalq hakimlik kateqoriyası almışdım. Bu gün isə bu yarışa həm Hakimlər Komitəsinin sədri, həm də Olimpiya Oyunlarını idarə etmiş təcrübəli hakim kimi qatılmışam”.
Azərbaycanlı hakimlərin mundialdakı iştirakını qiymətləndirən A.Şirəliyev 4 ədalət təmsilçisinin bu yarışda yer almasını böyük uğur adlandırıb: "Turnirdə təcrübəli hakimlərimiz iştirak edirlər. Hakimlər Komitəsi olaraq məsləhət bildik ki, superkateqoriyalı hakimimiz də bu turnirdə yer alsın. İnanıram ki, bunun milli komandamıza da böyük faydası olacaq. Biz beynəlxalq arenada ədalət təmsilçisi kimi hər zaman çalışmışıq ki, qərarlarımız heç bir müzakirə mövzusu olmasın və digər ölkələrin hakimləri də bundan nümunə götürərək idmançılarımıza qarşı ədalətsizlik etməsinlər. Dörd hakimimizin bu yarışda iştirakı Hakimlər Komitəsinin növbəti uğurudur. Superkateqoriyalı hakimimiz Sədi Quliyevi çıxmaq şərti ilə digər hakimlərimiz üçün bu turnir böyük təcrübədir”.
Onun sözlərinə görə, ev sahibi olmaq təkcə idmançılar üçün deyil, həm də hakimlər üçün böyük məsuliyyət deməkdir: “Ümumiyyətlə, bütün yarışların ilk günündə idarəçilər üçün müəyyən adaptasiya mərhələsi olur və bəzən mexaniki səhvlərə yol verilir. Düşünürəm ki, hakimlərimiz artıq uyğunlaşma prosesini geridə qoyurlar. Tədricən hər şey tam qaydasına düşəcək".
Qeyd edək ki, U-17 dünya çempionatı avqustun 2-dək davam edəcək.