İQTİSADİYYAT
Asiya İnkişaf Bankı Azərbaycandakı layihələrə 5,2 milyard dollardan çox kredit ayırıb
Bakı, 23 sentyabr, AZƏRTAC
Bu vaxtadək Asiya İnkişaf Bankı Azərbaycanda həyata keçirilən müxtəlif layihələrə 5,2 milyard dollardan çox kredit ayırıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir Mikayıl Cabbarov Asiya İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Nariman Mannapbekovla görüşüb. Görüşdə İqtisadiyyat naziri Azərbaycanın Asiya İnkişaf Bankı ilə əməkdaşlığa önəm verdiyini, bankın ölkəmizdə bir sıra layihələrin reallaşdırılmasına dəstək göstərdiyini vurğulayıb. Bildirilib ki, indiyədək Asiya İnkişaf Bankı tərəfindən ölkəmizdə həyata keçirilən müxtəlif layihələrə 5,2 milyard dollardan çox kredit ayrılıb. Azərbaycan bankın Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramında fəal iştirak edir. Bankın hazırladığı “Azərbaycan: daha şaxələnmiş, dayanıqlı və əhatəli inkişafa doğru” tədqiqat sənədi ölkəmizin iqtisadi inkişafı üzrə bir sıra önəmli məsələləri əhatə edir.
Qeyd edilib ki, Asiya İnkişaf Bankı ilə Layihə Hazırlığı Maliyyələşdirmə Aləti çərçivəsində, həmçinin yüksək texnologiya və innovasiya, təhsil, kiçik və orta biznesin inkişafı, dövlət-sahibkar tərəfdaşlığı, vergi siyasəti, irriqasiya və digər sahələr üzrə layihələrin icrası istiqamətində əməkdaşlıq faydalı ola bilər.
Azərbaycanın inkişaf prioritetlərindən danışan M.Cabbarov iqtisadi islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və rəqabətqabiliyyətliyinin artırılması tədbirləri barədə məlumat verib, Asiya İnkişaf Bankı ilə İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi arasında əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
N.Mannapbekov ölkəmizdəki fəaliyyətindən məmnunluğunu ifadə edərək Azərbaycan-Asiya İnkişaf Bankı əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə əməkdaşlığın genişləndirilməsi perspektivləri, bankın dəstəyi ilə həyata keçirilən layihələrin icrası və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.