AŞPA-da Azərbaycan qadınlarının siyasi və ictimai qərar qəbul edilməsində iştirakından danışılıb
Strasburq, 24 iyun, AZƏRTAC
Qadın deputat olaraq, üzv dövlətlərdə qadınların hüquq və imkanlarının möhkəmləndirilməsinin iqtisadi, sosial və siyasi aspektlərindəki müsbət inkişafları müşahidə etməkdən məmnun oluram. Ancaq təəssüf ki, bütün qadınların seçmək imkanları və hüquqları eyni deyil. Gənc qadınlar, əlil, qaçqın və ya immiqrant statuslu, yerli və kənd mənşəli, eləcə də afrikalı qadınlar siyasi arenada və qərar qəbul edilməsində iştirakla bağlı tez-tez ictimai təzyiqlərlə üzləşirlər.
Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Könül Nurullayeva qurumun yay sessiyası çərçivəsində qadınların siyasi və ictimai qərar qəbul edilməsində iştirakının təşviqinə dair müzakirələrdə deyib.
Azərbaycanda əksəriyyəti qadınlardan ibarət olan 1 milyondan çox qaçqın və məcburi köçkünün yaşadığını deyən deputat bildirib ki, 30 illik işğal dövrü onların parlaq gələcəyini, eləcə də ictimai və siyasi qərar qəbul edilməsində fəal iştirak istəklərini məhv edib. 44 günlük Vətən müharibəsində parlaq Qələbə həssas qrupdan olan qadınların siyasi və ictimai arenada təmsil olunma ümidlərini yenidən dirçəldib. Şərqdə qadınlara səsvermə hüququ verən ilk ölkə kimi Azərbaycan hər zaman gender bərabərliyinin tərəfdarı olmuş və bərabər imkanlar yaratmışdır. Ölkəmizdə Birinci vitse-prezident və Milli Məclisin sədri kimi mühüm vəzifələrə qadınların təyin edilməsi Azərbaycanda qadınların səlahiyyətlərinin təqdirəlayiq səviyyəyə çatdığını təsdiqləyir.
Qeyd edilib ki, bütün qadınların siyasi və ictimai qərar qəbulu prosesindəki iştirakını genişləndirmək üçün üzv dövlətlər olaraq, ilk növbədə, zəif qrupdan olan qadınların üzləşdiyi şiddət və stereotiplərlə mübarizəyə hədəflənmiş siyasət hazırlanmalı və səmərəli icra mexanizmləri gücləndirilməlidir. Dövlətlər və müxtəlif sektorlardan olan nümayəndələr zəif qrupdan olan qadınlara gender kvotaları tətbiq etmək yolu ilə qanuni və struktur giriş maneələrinin aradan qaldırılması üzərində işləməli və daha geniş ictimaiyyətin tanıdığı qadın personajlarını təşviq etməlidirlər.
“Hər bir qadının ictimai və siyasi qərar qəbuletmədə özünü güclü hiss etməsi üçün ayrı-seçkilik olmayan siyasi mühitdə yaşamaq haqqı var”, - deyə K. Nurullayeva vurğulayıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq