Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunları davam edir
Aşqabad, 24 sentyabr, AZƏRTAC
Türkmənistanın paytaxtı Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunları davam edir.
AZƏRTAC-ın Aşqabada ezam olunan müxbiri xəbər verir ki, Oyunların səkkizinci günündə - sentyabrın 24-də idmançılar basketbol 3x3, bilyard, boulinq, şahmat, futzal, tennis, sambo, üzgüçülük, kikboksinq, ağırlıqqaldırma və güləş yarışlarında mübarizə aparırlar.
“Aşqabad-2017”nin medal sıralamasında Türkmənistan millisi liderliyini davam etdirir.
Hesabında 77 qızıl, 54 gümüş və 62 bürünc medal olan Türkmənistan yığması birinci pillədə qərarlaşıb. İlk üçlüyü İran (19-15-43) və Özbəkistan (16-26-47) yığmaları tamamlayır. Tailand (16-17-21) dördüncü, Çin (16-16-15) beşinci, Qazaxıstan (15-13-21) altıncı, Koreya Respublikası (9-5-8) yeddinci, Honkonq (8-4-9) səkkizinci, Vyetnam (7-6-15) doqquzuncu və Qırğızıstan (6-13-21) isə onuncu pillədə yer alıb.
İndiyədək 34 ölkənin idmançıları "Aşqabad-2017"də medal qazanıblar.
Qeyd edək ki, sentyabrın 27-dək davam edəcək qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarında 6 min atlet idmanın 21 növündə gücünü sınayır. Oyunlarda Asiya (45) və Okeaniya (19) ölkələrini təmsil edən 65 komanda, habelə qapalı məkanlarda və döyüş növləri üzrə Asiya Oyunları tarixində ilk dəfə Asiya Olimpiya Şurasının bayrağı altında çıxış edən qaçqınlar komandası mübarizə aparır. Yarışların keçiriləcəyi 12 gün ərzində 347 mükafatlandırma mərasimi olacaq və atletlər 1844 medal uğrunda mübarizə aparırlar.
Səxavət Quliyev
AZƏRTAC-ın müxbiri
Aşqabad