Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunları davam edir
Aşqabad, 25 sentyabr, AZƏRTAC
Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunları davam edir.
AZƏRTAC-ın Aşqabada ezam olunan müxbiri xəbər verir ki, Oyunların doqquzuncu günündə - sentyabrın 25-də idmançılar bilyard, boulinq, şahmat, idman rəqsi, futzal, tennis, sambo, üzgüçülük, kikboksinq, ağırlıqqaldırma və güləş yarışlarında mübarizə aparırlar.
"Aşqabad-2017"nin medal sıralamasında Türkmənistan millisi liderliyini davam etdirir.
Hesabında 79 qızıl, 58 gümüş və 73 bürünc medal olan Türkmənistan yığması birinci pillədə qərarlaşıb. İlk üçlüyü Çin (24-21-17) və İran (22-18-53) yığmaları tamamlayır.
Özbəkistan (21-28-59) dördüncü, Qazaxıstan (20-18-27) beşinci, Tailand (18-17-26) altıncı, Koreya Respublikası (10-9-10) yeddinci, Vyetnam (9-7-16) səkkizinci, Honkonq (9-5-12) doqquzuncu və Taypey (8-6-8) isə onuncu pillədə yer alıb.
İndiyədək 34 ölkənin idmançıları "Aşqabad-2017"də medal qazanıblar.
Qeyd edək ki, qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarında 6 min atlet 21 idman növündə gücünü sınayır. Oyunlarda Asiya (45) və Okeaniya (19) ölkələrini təmsil edən 65 komanda, habelə qapalı məkanlarda və döyüş növləri üzrə Asiya Oyunları tarixində ilk dəfə Asiya Olimpiya Şurasının bayrağı altında çıxış edən qaçqınlar komandası mübarizə aparır. Yarışların keçiriləcəyi 12 gün ərzində 347 mükafatlandırma mərasimi olacaq və atletlər 1844 medal uğrunda mübarizə aparırlar.
Səxavət Quliyev
AZƏRTAC-ın müxbiri
Aşqabad