Astanada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
Astana, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Azərbaycanın Qazaxıstandakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə səfirlikdə yerləşən Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra səfir Ağalar Atamoğlanov Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumat verib. Bildirib ki, Azərbaycanda sosial rifahın bərbad vəziyyətdə olduğu, iqtisadiyyatın tənəzzülə uğradığı, vətəndaş qarşıdurmasının, eləcə də ermənilərlə müharibə şəraitinin hökm sürdüyü bir dövrdə xalqın çağırışı ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə sabitlik və əmin-amanlığı bərpa edib. Ümummilli Lider ölkə rəhbəri olduğu müddətdə müasir Azərbaycanın memarına çevrilib və gördüyü işlərlə, yürütdüyü siyasətlə xalqın əbədi rəğbətini qazanıb.
Səfir bildirib ki, işğal olunan ərazilərimizin azad edilməsi üçün səylərini əsirgəməyən Ulu Öndər Azərbaycanda davamlı və strateji siyasətin əsasını qoyub. “Dünyasını dəyişsə də, onun adı, siyasəti və dəst-xətti xalqımız üçün əbədiyaşar ideologiyaya çevrilib. Ulu Öndərin əsasını qoyduğu siyasətin davamı olaraq bu gün torpaqlarımız azaddır”, - deyə səfir qeyd edib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana