Astarada 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilmişdir
Astara, 20 yanvar (AZƏRTAC). Qanlı 20 Yanvar faciəsinin iyirmi birinci ildönümü ilə əlaqədar Astara şəhərindəki Şəhidlər xiyabanında keçirilən mərasimdə azadlıq mücahidlərinin xatirəsi ehtiramla yad edilmişdir.
AZƏRTAC xəbər verir ki, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, müharibə və əmək veteranları, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ictimaiyyətin nümayəndələri “Şəhidlər” abidə-kompleksinin önünə gül dəstələri düzmüş, şəhidlərin ruhuna dualar oxumuşlar.
Rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev 21 il əvvəl qızıl qanları ilə xalqımızın qəhrəmanlıq tarixinə parlaq səhifələr yazaraq şəhidlik zirvəsinə ucalan istiqlal mücahidlərinin xatiəsinin xalqımız tərəfindən həmişə böyük məhəbbətlə anıldığını bildirmişdir. Bu böyük faciəyə hələ Moskva şəhərində yaşadığı dövrdə ilk etirazını bildirən və bu hadisəyə doğru-düzgün siyasi qiymət verən ümummilli lider Heydər Əliyevin söylədiyi “ 20 Yanvar Azərbaycan tarixinin təkcə qanlı səhifəsi deyil, həm də şanlı səhifəsidir” sözlərini xatırlatmışdır.
Tədbir rayon mədəniyyət evində davam etmişdir.
Mərasim iştirakçıları mədəniyyət evinin foyesində 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən sərgi ilə tanış olmuş, “ Qan yaddaşımız” sənədli filminə baxmışlar.
Rayonun bədii özfəaliyyət kollektivlərinin ifasında “Şəhidlik ən böyük zirvədir” mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.