ASTARADA “NARKOMANİYA VƏ QİÇS-İN PROFİLAKTİKASI” MÖVZUSUNDA SEMİNAR-TRENİNQ KEÇİRİLMİŞDİR
Astara, 4 avqust (AZƏRTAC). Astara Rayon Mərkəzi Kitabxanasında “Narkomaniya və QİÇS-in profilaktikası” mövzusunda seminar-treninq keçirilmişdir.
“Ümidli gələcək” Gənclər Təşkilatının rayon gənclər və idman idarəsi, mədəniyyət və turizm şöbəsi ilə birgə keçirdiyi tədbirdə idarə, müəssisə və təşkilatlarda çalışan gənclərin nümayəndələri, səhiyyə, təhsil və mədəniyyət işçiləri iştirak etmişlər.
Astara Rayon Gənclər və İdman İdarəsi rəisinin müavini İqrar Cəfərov rayonda “Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)” və “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın (2007-2012-ci illər)” icrası istiqamətində görülmüş işlər, “Ümidli gələcək” təşkilatı ilə birgə həyata keçirilən tədbirlər barədə iştirakçılara məlumat vermişdir.
“Ümidli gələcək” Gənclər Təşkilatının icraçı direktoru Dadaş Əhmədov və təlimçi Afiq Məlikov mövzu ilə bağlı məruzə ilə çıxış etmişlər.
Toplantıda çıxış edənlər narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə və ondan istifadə edənlərə qarşı mübarizəni gücləndirmək, gəncləri bu zərərli vərdişdən çəkindirmək məqsədilə təkliflərini bildirmişlər.
Tədbirin sonunda iştirakçılara “Narkomaniya və AİDS insanı məhv edən bəladır”, “Gənclərimizi AİDS-dən qoruyaq”, “Seçim sənindir: narkotiklərə “yox” de, həyatı seç”, “HİV/AİDS barədə məlumat əldə et, növbəti olma” sərlövhəli kitabçalar, bukletlər və plakatlar verilmişdir.