ASTARADA UŞAQ MUĞAM İFAÇILARININ II RESPUBLİKA MÜSABİQƏSİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Natiq İbadov bağlanış mərasimində çıxış edərək, müsabiqənin yüksək səviyyədə başa çatması münasibətilə münsiflər heyətini və iştirakçıları təbrik etmişdir.
Respublikanın xalq artisti, Prezident təqaüdçüsü Canəli Əkbərov iki ildən bir keçirilən muğam müsabiqəsinin mədəni irsimizin qorunub saxlanmasında və uşaqların dünyagörüşününün formalaşmasındakı əhəmiyyətindən danışmış, tədbirin təşkilatçılarına, rayon rəhbərliyinə münsiflər heyəti adından minnətdarlığını ifadə etmişdir.
Mədəniyyət Nazirliyinin bölmə müdiri Oqtay Muxtarov müsabiqənin qaliblərini elan etmişdir.
Münsiflər heyətinin qərarı ilə Bakı məktəblisi Ülviyyə Rəhimova birinci, şuşalı Tural Eldarov ikinci, gəncəli Mehman Hüseynov üçüncü və Astaranın gənc muğam ifaçısı Mustafa Abdullayev dördüncü yeri tutaraq laureat adını qazanmışlar.
Digər iki həvəsləndirici yerə Naxçıvan məktəblisi Mehman Tağıyev və sumqayıtlı Fəridə Səfərova layiq görülmüşlər.
Qaliblərə pul mükafatları, Mədəniyyət Nazirliyinin diplomları və fəxri fərmanları verilmişdir.
Tədbirdə, həmçinin, 128 ifaçı arasında fərqlənən 18 nəfərin Bakı şəhərində Heydər Əliyev adına sarayda keçiriləcək yekun konsertində çıxış etməsi qərara alınmışdır.