“ATAHOLDİNQ” GƏNCƏ VƏ ŞƏMKİRDƏ YERLİ İŞ ADAMLARI İLƏ GÖRÜŞ KEÇİRMİŞDİR
Xatırladaq ki, bu görüşlər eyni qəbildən olan ikinci və üçüncü görüşlər idi. Birinci görüş, mayın 15-də Xaçmaz şəhərində keçirilmişdir.
Silsiləvi tədbirlərin keçirilməsindən məqsəd Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 noyabr tarixli “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərmanı və “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” ilə ölkə sahibkarlarının qarşısına qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsidir.
Sahibkarlarla görüş zamanı “AtaHoldinq” Şirkətlər Qrupu haqqında, bu Qrupa daxil olan şirkətlərin fəaliyyəti barədə məlumat verilmiş və qeyd edilmişdir ki, Azərbaycanın iqtisadi inkişafı regionların iqtisadi inkişafından keçir.
“AtaBank”ın Kredit Yarmarkası zamanı yerli və region sahibkarlarına bankdan kredit əldə etmək proseduru izah edilmiş, biznes-planların hazırlanması üzrə müvafiq məsləhətlər verilmişdir. Yarmarka zamanı Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 4 may tarixli “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərindən istifadə mexanizminin təkmilləşdirilməsi haqqında” Fərmanından irəli gələn məsələlərə xüsusi diqqət yetirilmişdir.
Tədbir zamanı “AtaBank” ASC-nin Gəncə filialının fəaliyyəti barədə iş adamlarına məlumat verilmişdir.
2002-ci ildə yaradılmış “AtaHoldinq” Şirkətlər Qrupuna hazırda maliyyə, istehsal, ticarət, xidmət və s. sahələrdə fəaliyyət göstərən şirkətlər daxildir.