Atırauda keçirilən konfransda ermənilərin Xocalıda törətdikləri soyqırımı pislənilib
Atırau, 27 fevral, AZƏRTAC
Qazaxıstanın Atırau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Novruz” Milli-Mədəni Cəmiyyəti Atırau şəhər türk icması ilə birgə “Xocalı - XX əsrin faciəsi. Xalqların soyqırımına “Yox” deyək” adlı konfrans keçirib.
Konfrans Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Azərbaycanın Aktau şəhərindəki baş konsulluğunun dəstəyi ilə baş tutub.
Konfransda Atırau vilayətində fəaliyyət göstərən təhsil müəssisələrinin müəllim və tələbələri, yerli qurumlar, KİV-in və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycanın Aktaudakı baş konsulu Rəşad Məmmədov 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş soyqırımı barədə iştirakçılara məlumat verib.
“Novruz” Milli-Mədəni Cəmiyyətinin sədri Eldar Əhmədov, Azərbaycan Daxili İşlər Nazirliyinin Qazaxıstan üzrə nümayəndəsi Zəfər Əbiyev, Qazaxıstan Xalqlar Assambleyasının Atırau vilayəti üzrə Katibliyinin rəhbəri Erken Zagiroviç və digərləri Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşüblər.
Konfransda Xocalı faciəsinə həsr olunan qısametrajlı film nümayiş etdirilib, Aktauda fəaliyyət göstərən azərbaycanlı gənclər tərəfindən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hazırlanmış və sosial şəbəkələrdə yayılmış “Çağırış” adlı videolayihəyə baxış olub.
Daha sonra Ermənistan dövləti və erməni diasporunun ölkəmizə və xalqımıza qarşı həyata keçirdiyi çirkin və məkrli siyasətin qarşısının alınması məqsədilə “Xocalıya ədalət!” kampaniyasına dəstək olaraq, Azərbaycanın Aktaudakı baş konsulluğu tərəfindən Qazaxıstanın informasiya məkanında yaradılmış www.xocali.kz saytının yenilikləri barədə təqdimat keçirilib.
Tədbirdə iştirak edən Atırau şəhərinin bir sıra ali təhsil müəssisələrinin müəllim və tələbələri mövzu ilə bağlı fikir mübadilələri aparıb, baş konsul R.Məmmədov faciə barədə ətraflı məlumat verib.
Konfrans zamanı, həmçinin “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində imza kampaniyası təşkil edilib.
Tədbirin sonunda Aktauda yaşayan gənclərin birgə səyi nəticəsində hazırlanmış “Справедливость Ходжалы” adlı rep üslubunda kompozisiya nümayiş etdirilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Atırau