ELM VƏ TƏHSİL
ATMU-da “Şuşa Bəyannaməsi: Azərbaycan – Türkiyə müttəfiqlik münasibətlərində yeni addım” mövzusunda tədbir
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Şuşa Bəyannaməsi: Azərbaycan - Türkiyə müttəfiqlik münasibətlərində yeni addım” mövzusunda onlayn tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə universitetin rektoru İlham Mədətov 2021-ci il iyunun 15-nin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını söyləyib. Rektor bildirib ki, belə bir əhəmiyyətli və mühüm sənədin imzalanma mərasiminin məhz Azərbaycanın müzəffər ordusunun işğaldan azad etdiyi Şuşa şəhərində keçirilməsi xalqımız üçün böyük fəxarətdir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi iki dövlətin ümumi maraqlarının qorunmasına, eləcə də qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin üzvü şəkildə əlaqələndirilməsinə istiqamətləndirilib. Şuşa Bəyannaməsi ölkələrimiz arasında müxtəlif vaxtlarda imzalanmış mühüm sənədləri rəhbər tutaraq imzalanıb. Bu tarixi sənəd ölkələr arasında maraqların qorunması imkanlarının birləşdirilməsinin, həmçinin ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu artıracaq.
Professor Məhərrəm Zülfüqarlı Şuşa Bəyannaməsinin məhz Qars müqaviləsinin 100 illiyində imzalanmasının əhəmiyyətindən danışıb. Həmçinin Qars müqaviləsindən və 44 günlük Vətən müharibəsindən söz açıb. Alim Şuşa Bəyannaməsinin imzalanması ilə tarixi ədalətin bərpa olunduğunu deyib.
ATMU-nun İctimai fənlər kafedrasının müdiri, dosent İbrahim Əliyev Şuşa Bəyannaməsinin Azərbaycan üçün çox önəmli bir tarixlərdə - Milli Qurtuluş Günü və Qars müqaviləsindən 100 il sonra iki ölkə arasında imzalanmasının müstəsna siyasi və tarixi əhəmiyyəti olduğunu diqqətə çatdırıb. O bildirib ki, bu sənəd ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin məntiqi davamıdır. Bu Bəyannamə ilə ölkələrimiz arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyacaq.