ATU-da Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan konfrans keçirilib
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi tibb fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) növbəti beşinci konfransı keçirilib. Fakültə rəisinin tədris işləri üzrə müavini, tədris şöbəsinin rəisi, tibb xidməti polkovniki Məharət Rzayev tələbə və kursantların elmi fəaliyyətlə məşğul olması üçün fakültədə hər bir şərait yaradıldığını qeyd edib. O, vurğulayıb ki, konfrans xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunub.
AZƏRTAC ATU-ya istinadla bildirir ki, konfransda Ulu Öndər Heydər Əliyevin və torpaqların azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə ATU TEC-in elmi rəhbəri, tibb elmləri doktoru Müşfiq Həsənov tələbələrə təcrübi biliklərin aşılanmasında, onların elmi-tədqiqat işinə maraqlarının artırılmasında və gələcəyin mütəxəssisi kimi yetişdirilməsində TEC-in böyük əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, TEC-in fəaliyyəti müasir dövrün tələblərinə uyğun həyata keçirilir və burada iki istiqamət üzrə - tədris-tədqiqat və elmi-tədqiqat işləri aparılır. M.Həsənov tələbələrin bu ictimai qurumla yaxından əməkdaşlıq edərək elmi tədqiqatlarla aktiv məşğul olduğunu və nəzəri biliklərini formalaşdırdığını deyib.
Konfransda tələbə tədqiqatçılara uğurlar diləyən Müdafiə Nazirliyinin baş cərrahı, tibb xidməti polkovniki Çingiz Quliyev və Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqatlar İnstitutunun Fundamental şöbəsinin rəisi, birinci dərəcəli kapitan, fəlsəfə doktoru Əsəd Rüstəmov elmin yollarında ilk addımlarını atan tələbələrin bu həvəslərini alqışlayıblar. Onlar tələbələrin bundan sonra da TEC vasitəsilə elmi axtarışlarını davam etdirmələrini və elmə dərindən yiyələnmək üçün öz üzərilərində çalışmalarını tövsiyə ediblər.
Daha sonra söz tədqiqatçı tələbə və kursantlara verilib. Onlar müxtəlif mövzularında çıxış ediblər.
Konfransda ümumilikdə 18 kursant və tələbənin müxtəlif mövzularda apardıqları elmi araşdırmalara diqqət yetirilib və tədbir münsiflər heyəti tərəfindən geniş müzakirələrə əsaslanan sual-cavabla yekunlaşıb.
Sonda konfransda iştirak edən tədqiqatçı tələbə və kursantlara, eləcə də onların elmi rəhbərlərinə sertifikatlar təqdim olunub.