ATU ilə “Aspi Winery” arasında əməkdaşlıq memorandumu imzalanıb
Gəncə, 7 aprel, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru vəzifəsini müvəqqəti icra edən Yaşar Ömərov və Qida mühəndisliyi fakültəsinin əməkdaşları Qəbələ rayonunda yerləşən Qəbələ Konserv Zavodu və “Aspi Winery” Üzüm Emalı Zavoduna səfər ediblər.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, səfər çərçivəsində ATU heyəti müəssisələrin infrastrukturu, istehsalat prosesi, tətbiq olunan müasir texnologiyalar, avadanlıqların iş prinsipi, kadr tələbatı və müəssisələrin qarşılaşdıqları problemlərlə yaxından tanış olublar.
Hər iki müəssisədə görüş zamanı kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, müasir texnologiyaların elmi əsaslarla tətbiqinin gücləndirilməsi, elmi-praktik təcrübələrin birgə aparılması kimi məsələlər müzakirə edilib, təkliflər irəli sürülüb, digər əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Müzakirələrdən sonra ATU-nun rektoru vəzifəsini müvəqqəti icra edən Yaşar Ömərovla “Aspi Winery” Üzüm Emalı Zavodunun direktoru Əjdər Şəfizadə əməkdaşlıq memorandumu imzalayıblar. Bundan başqa, yaxın günlərdə Qəbələ Konserv Zavodu ilə də əməkdaşlıq memorandumunun imzalanacağına dair razılıq əldə edilib.