AVRASİYA DÖVLƏTLƏRİ ON İKİNCİ İQTİSADİ ZİRVƏ TOPLANTISININ İŞTİRAKÇILARINA
Hörmətli toplantı iştirakçıları!
Sizi - Avrasiya Dövlətləri On ikinci İqtisadi Zirvə Toplantısının iştirakçılarını səmimi qəlbdən salamlayır və işinizə uğurlar arzulayıram.
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə hər il Türkiyədə keçirilən və artıq xoş ənənəyə çevrilən Avrasiya İqtisadi Zirvə toplantıları regional əməkdaşlığın inkişafına, xalqlar arasında dostluq və mədəni əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir. Avrasiya və Afrika ölkələrindən, bir sıra beynəlxalq təşkilatlardan nüfuzlu nümayəndə heyətlərinin iştirak etdiyi bu toplantılarda Azərbaycan Respublikası müntəzəm olaraq təmsil olunur.
Qloballaşan dünyada sülhün və təhlükəsizliyin təmin olunması üçün qarşılıqlı faydalı əməkdaşlığın qurulması böyük əhəmiyyətə malikdir. Azərbaycan özünün iqtisadi potensialından və geosiyasi imkanlarından tərəfdaş ölkələrin sosial-iqtisadi inkişafı və regional əlaqələrin möhkəmlənməsi naminə istifadə olunmasına hərtərəfli şərait yaradır. Azərbaycanın təşəbbüsü və digər qonşu ölkələrin birgə səyləri nəticəsində həyata keçirilən mühüm transmilli layihələr - Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu regionda və dünyada dövlətlərarası iqtisadi əməkdaşlığa, bəşəriyyətin təhlükəsizliyi və əmin-amanlığına dövlətimizin əməli töhfəsi kimi qiymətləndirilə bilər.
2009-cu ilin əvvəllərindən başlayaraq maliyyə-iqtisadi böhranın nəticələrini aradan qaldırmaq üçün beynəlxalq aləmdə intensiv müzakirələr aparılır və müvafiq tədbirlər görülür. Düşünürəm ki, Avrasiya Zirvə Toplantısında qarşılıqlı əməkdaşlığın geniş spektrini əhatə edən səmərəli müzakirələr və qəbul edilən qərarlar region dövlətlərinin iqtisadi, siyasi və mədəni əlaqələrinin daha da inkişafına təkan verəcək, qlobal böhranın dəf olunmasına və xalqlarımızın rifahına xidmət edəcəkdir.
Zirvə toplantısının qarşılıqlı faydalı münasibətlər və beynəlxalq əməkdaşlıq yolunda ciddi addım olacağına inanır və onun işinə uğurlar diləyirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 may 2009-cu il.