AVROPA AZƏRBAYCANLILARI KONQRESİ İCRAİYYƏ KOMİTƏSİNİN İLK TOPLANTISI KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, iyulun 6-da Almaniyanın Maynts şəhərində Avropa Azərbaycanlıları Konqresi İcraiyyə Komitəsinin ilk toplantısı keçiriləcəkdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə keçiriləcək toplantıda AAK-ın II Qurultayında qəbul edilmiş sənədlər, qurultayın Qətnaməsinə uyğun hazırlanmış 2007-2009-cu illər üçün Fəaliyyət Proqramının layihəsi, “Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası”ndan irəli gələn məsələlər müzakirə ediləcək, quruma üzv olan təşkilatların təklifləri dinləniləcəkdir. Eləcə də, Avropa ölkələrində yaşayan azərbaycanlıların təşkilatlanması, doğma Vətənlə əlaqələrinin inkişafı, insan hüquq və azadlıqlarının qorunması, ictimai-siyasi həyata inteqrasiyasının sürətləndirilməsi yolları barədə fikir mübadiləsi aparılacaqdır. Bundan əlavə, Azərbaycan xalqının mədəni irsinin təbliği, xalqımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılması istiqamətində görülməsi zəruri olan tədbirlərdən danışılacaq, onların reallaşdırılması yolları müzakirə olunacaqdır.
Qeyd edək ki, iyulun 6-da XÖYAİDK və Azərbaycanın Almaniyadakı səfirliyinin birgə təşəbbüsü ilə bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının Məşvərət Şurası yaradılacaqdır.
Hər iki tədbirdə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun başçılığı ilə nümayəndə heyəti iştirak edəcəkdir.