AVROPA BİRLİYİ AZƏRBAYCANLA ƏLAQƏLƏRİNİNKİŞAFINA XÜSUSİ DİQQƏT YETİRİR
Nazirliyin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, qonaqları səmimi salamlayan Vilayət Quliyev Azərbaycan ilə Avropa Birliyi arasında əlaqələrin inkişaf etdirilməsinin ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını vurğulamışdır.
Azərbaycanın Cənubi Qafqazda iqtisadi baxımdan daha çox inkişaf etmiş ölkə olduğunu bildirən nazir, ölkəmizlə AB arasında əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini diqqətə çatdırmışdır.
Sonra Vilayət Quliyev qonaqlara Azərbaycanın qonşu dövlətlərlə, o cümlədən Gürcüstanla əlaqələrinin perspektivləri və regional əməkdaşlıq çərçivəsində həyata keçirilən iqtisadi layihələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlər, ATƏT-in Minsk qrupunun bu sahədə fəaliyyəti barədə məlumat vermişdir.
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvitye təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığının gələcək inkişafına böyük əhəmiyyət verdiyini və qarşılıqlı maraq doğuran əlaqələrin daha intensiv şəkildə davam etdirilməsinə tərəfdar olduğunu vurğulamışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Heyki Talvitye, ikitərəfli danışıqların davam etdirilməsinin zəruriliyini diqqətə çatdırmış və münaqişənin tezliklə beynəlxalq birliyin birgə səyləri nəticəsində sülh yolu ilə öz ədalətli həllini tapacağına ümidvar olduğunu bildirmişdir.
Sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunmuşdur.