AVROPA BİRLİYİNİN CƏNUBİ QAFQAZ ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİNİN MƏTBUAT KONFRANSI
Cənab Heyki Talvitye bildirdi ki, Avropa Birliyi Cənubi Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana xüsusi maraq göstərir. Bu qurum həmin dövlətlərlə əlaqələri inkişaf etdirmək və gələcəkdə onların Avropa Birliyinə daxil olmasını asanlaşdırmaq üçün xüsusi layihə hazırlayır və yaxın gələcəkdə onu həyata keçirməyə başlayacaqdır. Bratislavada başa çatmış, Azərbaycan dövlətinin başçısı İlham Əliyevin də iştirak etdiyi “Daha geniş Avropaya doğru: yeni gündəlik” mövzusunda beynəlxalq konfrans da belə bir məqsəd daşıyırdı.
O, Azərbaycan Prezidentinin əfv Fərmanını alqışladığını söyləyən qonaq xüsusi dövlət başçısının həyata keçirdiyi sosial proqramları yüksək qiymətləndirdiyini xüsusi vurğuladı.
Cənab Talvitye Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bildirdi ki, bu məsələ ilə ATƏT-in Minsk qrupu məşğul olur, lakin Avropa Birliyində münaqişənin tezliklə həll olunmasını istəyir. O, dedi ki, mən, bu təşkilatın nümayəndəsi kimi, münaqişənin iştirakçıları ilə görüşəcək və onları diqqətlə dinləyəcəyəm.
Sonra Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi jurnalistlərin suallarına cavab verdi.
Mətbuat konfransında Almaniyanın Azərbaycandakı səfiri Klaus Qrevlix iştirak edirdi.