AVROPA BİRLİYİNİN XÜSUSİ NÜMAYƏNDƏSİ ŞƏKİDƏ OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, qonaq və onu müşayiət edən şəxslərlə Şəki Şəhər İcra Hakimiyyətində görüş keçirilmişdir. Şəhər icra hakimiyyətinin başçısı Əşrəf Məmmədov Heyki Talvityeni səmimi salamlayaraq bu səfərin xalqımız üçün əziz bir günə - Novruz bayramına təsadüf etməsindən məmnun qaldığını bildirmiş, Şəki şəhəri haqqında geniş məlumat vermiş, son illər sosial-iqtisadi sahədə qazanılmış uğurlardan söhbət açmışdır. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı nəzərdə tutulan tədbirlər barədə qonaqlara məlumat verən icra başçısı demişdir ki, yaxın illərdə Şəkidə 7 min yeni iş yeri açılacaq, su, kanalizasiya sistemi yenidən qurulacaq, yüngül sənaye müəssisələrinin fəaliyyəti bərpa ediləcək, konserv və şəkər çuğunduru emalı zavodları tikiləcəkdir. O xüsusi vurğulamışdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Şəkidə 15 mindən artıq qaçqın və məcburi köçkün məskunlaşmışdır. Onlar münaqişənin dinc yolla həllində beynəlxalq qurumlardan, o cümlədən Avropa Birliyindən çox şey gözləyirlər.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Heyki Talvitye Şəkiyə ilk dəfə gəldiyini və şəhərə vurulduğunu qeyd etmiş, məqsədinin regionlarda həyata keçiriləcək layihələrlə tanışlıqdan, bu layihələrin reallaşması işinə necə kömək edəcəyini müəyyənləşdirməkdən ibarət olduğunu demişdir. O, Şəkidə turizmin inkişafı üçün güclü infrastruktur yaranacağına inandığını vurğulamışdır.
Qonaqlara bayram hədiyyələri təqdim olunmuşdur.
Sonra onlar Şəki şəhərinin görməli yerləri ilə tanış olmuş, “Teatr meydanı”nda Novruz münasibətilə təşkil olunan böyük bayram tədbirində iştirak etmişlər.