AVROPA ÇEMPİONATINDA FƏRQLƏNƏN İDMANÇILAR TAEKVONDO FEDERASİYASINDA QƏBUL EDİLMİŞLƏR
Oktyabrın 25-də Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov idmançıları və onların məşqçilərini qəbul etmişdir. Ölkəmizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışan Kəmaləddin Heydərov, bunun nəticəsində, son illər idmançılarımızın müxtəlif növlərdə dünya və Avropa çempionatlarından, Olimpiya oyunlarından yüksək nailiyyətlərlə Vətənə dönmələrini xüsusi vurğulamışdır.
Federasiyanın prezidenti qitənin 42 ölkəsindən 600-dən çox idmançının mübarizə apardığı bu mötəbər yarışlarda dörd medal qazanan taekvondoçuları təbrik edərək, onların bu uğurunu Azərbaycan Taekvondo Federasiyasının son illərdəki nailiyyətlərinin davamı kimi qiymətləndirmişdir. Federasiyanın I vitse-prezidenti Füzulu Musayev Avropa çempionatı barədə məlumat verərək, idmançılarımızın qarşıdakı yarışlarda da qələbə uğrunda ciddi mübarizə aparacaqlarını, üçrəngli bayrağımızı daim yüksəklərdə dalğalandıracaqlarını bildirmişdir.
K.Heydərov təcrübəli məşqçilərin rəhbərliyi ilə taekvondoçuların növbəti beynəlxalq idman tədbirlərində, o cümlədən 2008-ci ildə Pekində keçiriləcək XXIX Yay Olimpiya Oyunlarında daha yüksək zirvələr fəth edəcəklərinə əmin olduğunu söyləmişdir.