Avropa çempionatında medal qazanan karateçilərlə görüş keçirilib
Bakı, 3 aprel, AZƏRTAC
Aprelin 3-də Gənclər və İdman Nazirliyində İspaniyanın Qvadalaxara şəhərində keçirilmiş Avropa çempionatında medal qazanan karateçilərlə görüş olub.
AZƏRTAC xəbər verir ki, nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov tədbirdə çıxış edərək karate üzrə komandamızın çempionatda uğurla mübarizə apardığını bildirib. Karateçilərimizin əsas hədəfinin Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq olduğunu vurğulayan F.Mansurov deyib: “Karate üzrə komandamızın qitə çempionatında uğuru bizi çox sevindirir. Son vaxtlar karate üzrə yarışlarda rəqabət xeyli artıb. Karateçilərimiz medal qazanmaqla yanaşı, Olimpiya Oyunlarına lisenziya xalları da toplayırlar. Milli komandanın lideri Rafael Ağayev qitə çempionatında daha bir nailiyyət qazanıb. Əsas hədəf Olimpiya Oyunlarıdır. Əminik ki, karateçilərimiz Olimpiya Oyunlarında da böyük nailiyyətləri ilə bizi sevindirəcəklər”.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Avropa çempionatına ciddi hazırlaşan komandamızın nəticələrinin qənaətbəxş olduğunu vurğulayaraq bildirib: “Bu il digər Olimpiya idman növləri kimi, karate üçün də ciddi sınaq dövrüdür. Komandamızın üzvlərinin Olimpiadaya lisenziya qazanmaq şansları kifayət qədər yüksəkdir. İdmançılarımız artıq lisenziya xalları yığmağa başlayıblar. İnanıram ki, Rafael Ağayev Olimpiya lisenziyası qazanıb, dördilliyin zirvə yarışında Azərbaycanın dövlət himnini səsləndirəcək”.
Federasiya prezidenti İrina Zaretskanın da Olimpiya şanslarını yüksək qiymətləndirib. O qeyd edib ki, olimpiadaya lisensiya xalları verən sonuncu qitə yarışı Milli Gimnastika Arenasında keçiriləcək 55-ci Avropa çempionatı olacaq. Yığmanın əsas üzvlərinin hamısının lisenziya qazanmaq şansları var. Olimpiya Oyunlarına dörd vəsiqə qazansaq, bu, yaxşı nəticə hesab ediləcək.
Karate üzrə yığma komandanın böyük məşqçisi Şahin Xudaverdiyev bildirib ki, Avropa çempionatında nəticələr bir qədər də yaxşı ola bilərdi. O, qarşıdakı yarışlarda daha yüksək nəticələrə ümid etdiyini bildirib: “Final qarşılaşmasında Rafael Ağayev məğlub olmadı. Yarışın sonuna 26 saniyə qalmış hesab açılmadığından hakimlər italiyalı karateçinin hər hərəkətinə xal verdilər. Həmin bir xal da döyüşün taleyini həll etdi. Medallar çox ola bilərdi. Ayxan Mamayevin bəxti gətirmədi və bir xal fərqi ilə məğlub oldu. Burada hakim ədalətsizliyi də rol oynadı. Ümumilikdə nəticələri yaxşı hesab edə bilərik. Ümid edirik ki, qarşıdakı yarışlarda daha yüksək nailiyyətlər qazanacağıq”.
Qatıldığı bütün yarışlarda Azərbaycanı yüksək səviyyədə təmsil etməyi qarşıya məqsəd qoyduğunu bildirən Rafael Ağayev deyib: “Komandamızı qarşıda bir sıra yarışlar gözləyir. Bütün yarışlar önəmlidir və Azərbaycanı yüksək səviyyədə təmsil etməyi qarşıya məqsəd qoymuşuq. Əsas hədəfimiz 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarıdır. Eyni zamanda, ikinci Avropa Oyunlarına da ciddi hazırlaşırıq. Arzum ikinci dəfə Avropa Oyunlarının qalibi olmaqdır”.
Avropa çempionatının bürünc medalçısı Asiman Qurbanlı çıxışında “Tokio 2020”yə lisenziya qazanmaq üçün var gücü ilə çalışacağını deyib: "Ciddi zədə üzündən əməliyyat olunduqdan sonra nəticələrim bir qədər zəiflədi. Avropa çempionatında bürünc medal qazanmağım məni çox sevindirir. Əsas məqsəd Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. Ümid edirəm ki, məqsədimə nail olacağam”.
Qeyd edək ki, İspaniyanın Qvadalaxara şəhərində keçirilmiş Avropa çempionatında parakarateçilərin yarışında Azərbaycan idmançısı Sahib Əhədov Avropa çempionu tituluna yiyələnib. Fərdi kumite yarışlarında Rafael Ağayev (75 kq) gümüş, Asiman Qurbanlı (+84 kq) bürünc medal qazanıblar. Kata yarışlarında isə Roman Heydərov üçüncü yeri tutub.