Avropa Dərman Agentliyi “AstraZeneca” peyvəndinin təhlükəsiz olduğunu açıqlayıb
Cenevrə, 19 mart, AZƏRTAC
Avropa Dərman Agentliyi (EMA) “AstraZeneca” şirkətinin koronavirus əleyhinə peyvəndinin tətbiqinə dair yeni tövsiyəsini açıqlayıb. Tövsiyə agentliyin Dərmanların təhlükəsizliyinə dair risklərin qiymətləndirilməsi komitəsinin növbədənkənar iclasında qəbul edilib.
AZƏRTAC xəbər verir ki, agentliyin icraçı direktoru Emer Kuk mətbuat açıqlamasında bu peyvəndin COVID-19 əleyhinə müdafiə üçün təhlükəsiz və effektiv olduğunu bildirib. Qeyd olunub ki, ötən günlər ərzində bu peyvəndin tromboz halları ilə əlaqəsi yoxlanılıb və peyvəndin faydalarının istənilən halda mümkün riskləri üstələdiyi müəyyən edilib.
Eyni zamanda, bildirilib ki, “AstraZeneca” peyvəndinin heç bir partiyasında keyfiyyət problemi aşkar edilməyib. Lakin bununla belə, vaksinasiyadan sonra meydana gələn beyin venalarının trombozuna dair hallar qeydiyyata alınmalı və yoxlanılmalıdır. Gələcəkdə bu mövzu diqqət mərkəzində saxlanılacaq və mümkün yan təsirlər sənədləşdiriləcək.
Dərmanların təhlükəsizliyinə dair risklərin qiymətləndirilməsi komitəsinin sədri Sabine Ştraus isə açıqlamasında trombo-embolik halların peyvəndlə əlaqəsinin aşkarlanmadığını diqqətə çatdırıb. Bildirilib ki, əldə olunmuş məlumatlar baş vermiş halların “AstraZeneca” ilə birbaşa əlaqəsini inkar etmək üçün hələlik yetərli sayılmır. Ona görə də komitə risklərlə bağlı yüksək həssaslıq göstərməlidir.
Qeyd edək ki, “AstraZeneca” peyvəndi Avropa İttifaqının peyvənd strategiyasında önəmli yer tutur. Peyvənd dozlarının olduqca aşağı temperaturda saxlanması tələb edilmədiyinə görə onun yaxın gələcəkdə xəstəxanalarla yanaşı, sahə həkimləri tərəfindən də tətbiqi mümkün ola bilər. Hazırda peyvənd dozlarının çatdırılmasında çətinliklər olmasına baxmayaraq, bu ilin ikinci rübündə 70 milyon dozun göndərilməsi nəzərdə tutulur. Bir sıra Avropa ölkələri müvəqqəti olaraq peyvəndin tətbiqini dayandırandan sonra EMA peyvəndin təhlükəsizliyinin yoxlanışını həyata keçirib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə