Avropa İttifaqı Avropa musiqisinə kvotanın tətbiqi imkanlarını araşdırır
Stokholm, 19 yanvar, Nərgiz Cəfərli, AZƏRTAC
Avropa Parlamenti sənətçilərə kompensasiyanın artırılmasına və axın (striminq) xidmətlərində Avropa musiqisinə kvotaların tətbiq olunmasının mümkünlüyünün öyrənilməsinə yönəlmiş qətnamə layihəsi təklif edib.
AZƏRTAC xəbər verir ki, parlamentin 532 üzvü qətnamənin lehinə, 61-i əleyhinə səs verib, 33 nəfər isə bitərəf olub.
Məqsəd Amerika və Britaniya musiqisinin üstünlüyünü azaltmaqdan ibarətdir. Avropa İttifaqının (Aİ) musiqi sektorunda müxtəlifliyin təşviqi strategiyasının da təqdim edilməsi planlaşdırılır.
Qətnamədə Avropa Parlamenti musiqi axını bazarından əldə edilən gəlir bölgüsündə tarazsızlığın aradan qaldırılmasını tələb edir. Bununla yanaşı, müəlliflərin daha çox şöhrət qazanmaq üçün daha az gəlir əldə etmələrinə və ya ümumiyyətlə, gəlir əldə etməmələrinə yol açan “payall” sisteminin tətbiqi ilə razılaşmalı olduqları da qınanır.
Avropa Parlamenti, həmçinin Avropa Komissiyasını süni intellektlə musiqi yaratmaq kimi axın sistemi fırıldaqçılığının qarşısını alan qaydaların işlənib hazırlanmasına çağırır.
Qətnaməni təqdim edən ispaniyalı sosial-demokrat İban Qarsiya del Blanko Avropa Parlamentinin yalnız indi Avropa müəlliflərinin narahatlıqlarını dilə gətirdiyini bildirərək deyib: “Halbuki, mədəni müxtəliflik və müəlliflərin tanınması, ədalətli ödənişin təmin edilməsi məsələləri hər zaman bizim prioritetimiz olub”.
Qətnaməyə görə, Aİ-nin musiqi axını sektoru üçün tənzimləmə bazasının tətbiqi vacibdir, çünki “striminq” sistemi bu gün musiqini dinləməyin əsas yoludur.