Avropa Parlamentinin üzvü Andris Ameriks Azərbaycana səfəri çərçivəsində mühüm görüşlər keçirib
Brüssel, 22 iyun, AZƏRTAC
Avropa Parlamentinin (AP) üzvü Andris Ameriks və onun ofis rəhbəri Mareks Qailitisin bu ay Azərbaycanda səfərdə olublar.
AZƏRTAC xəbər verir ki, qonaqlar Bakı və Şirvan şəhərlərində aidiyyəti qurumlarda mühüm görüşlər keçirib və Şuşa Bəyannaməsinin ildönümü ərəfəsində işğaldan azad olunmuş ərazilərə səfər ediblər.
Azərbaycan Respublikası Milli Məclisinin dəvəti ilə ölkəmizə səfər edən A.Ameriks AP-də Nəqliyyat və Turizm Komitəsinin (TRAN), eləcə də AP-nin Mərkəzi Asiya ölkələri üzrə nümayəndə heyətinin sədr müavini, Sənaye, Tədqiqatlar və Enerji komitəsində əvəzedici üzvü, o cümlədən AP-də Azərbaycanın dostları qrupunun prezidenti kimi Azərbaycan həqiqətlərinin mümkün qədər çox yayılması üçün uzun fasilədən sonra regiona ilk səfərinin əhəmiyyətini xüsusi qeyd edib.
Milli Məclisdə keçirilən görüşlərdə A.Ameriks 6 il öncə Riqa şəhər limanının rəhbəri kimi ölkəmizə səfərini, Bakı Dəniz Limanının tikinti prosesi ilə tanışlığını xatırladıb, Azərbaycanın mühüm nəqliyyat qovşağı kimi roluna əsaslanaraq ölkəmizi Avropa İttifaqının (Aİ) Orta Asiya və Çinlə əlaqələrində açar kimi gördüyünü bildirib. A.Ameriks həmkarlarını və Azərbaycan xalqını ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edib, Aİ Şurasının Prezidenti Şarl Mişelin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsi imzalanması yolunda səylərini təqdir edib.
Daha sonra A.Ameriksin Azərbaycan Xarici İşlər Nazirliyində, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində, Dövlət Turizm Agentliyində keçirdiyi görüşlərdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb, bir sıra mühüm təkliflər səsləndirilib.
Səfər zamanı A.Ameriks CBC telekanalında proqram çəkilişinə qatılıb, Anastasiya Lavrinanın təqdimatında postmünaqişə dövründə Cənubi Qafqazda gedən proseslər, Zəngəzur dəhlizi, Qarabağda Azərbaycan mədəni irsi və Aİ-Azərbaycan yeni sazişi müzakirə olunub.
Sonra A.Ameriks Şirvan şəhərinin tarixi, sosial-iqtisadi inkişafı ilə maraqlanıb, müxtəlif müəssisə və təhsil ocaqlarına baş çəkib, qaçqın və məcburi köçkünlərin yaşadıqları şəhərciklərdə olub, Riqa və Şirvan şəhərləri arasında əməkdaşlıq imkanlarını müzakirə edib. Qonaqlar şəhərdə ulu öndər Heydər Əliyevin abidəsini, Qarabağ və Zəfər xiyabanlarını, Zəfər abidəsini, “Şəhid Anası” memorial abidə kompleksini ziyarət ediblər.
AP nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərə - Füzuli, Cəbrayıl, Zəngilan və Şuşaya səfər edib. Yolboyu erməni vandalizmi nəticəsində dağıdılmış bütöv şəhərlərin, yaşayış evlərinin qalıqlarını müşahidə edən qonaqlar minatəmizləmə işlərinin canlı şahidi olub, yeni tikilən dəmir yolu və avtomobil yolları barədə ətraflı məlumat alıblar. Zəngilan rayonunda Zəngəzur dəhlizinin bir parçası olan dəmir yolu tikintisı ilə tanışlıqdan sonra qonaqlar bölgədə ilk “Ağıllı kənd” layihəsi olan Ağalıda görülən işlərə, bərpa, abadlıq-quruculuq işlərinə heyranlıqlarını ifadə ediblər.
Qonaqların növbəti baş çəkdiyi məntəqə yeni tikilib istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı olub. Hava limanı haqqında ətraflı məlumat alan qonaqlar Qarabağda daha iki - Laçın və Zəngilan hava limanlarının tezliklə istifadəyə veriləcəyi xəbərini məmnunluqla qarşılayıb, Azərbaycanın nəqliyyat dəhlizi kimi rolunun artırılmasında bu hava limanlarının müstəsna əhəmiyyət daşıyacağını vurğulayıblar.
Şuşaya baş çəkən qonaqlar şəhərin tarixi, mədəniyyəti, aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar. Onlar Şuşanın erməni işğalından azad edilməsi zamanı azərbaycanlı igidlərin qəhrəmanlıqları barədə məlumatları heyranlıqla qarşılayıblar. Şuşada ildönümü tədbirlərinə qatılan azərbaycanlı həmkarları ilə söhbətlər zamanı Azərbaycanı bu Zəfər münasibətilə bir daha təbrik ediblər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel