AVROPA STOLÜSTÜ TENNİS İTTİFAQININ PREZİDENTİ SUMQAYITDA OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, noyabrın 28-də Azərbaycanda rəsmi səfərdə olan Avropa Stolüstü Tennis İttifaqının (ETTU) prezidenti Stefano Bosi və respublika Stolüstü Tennis Assosiasiyasının prezidenti, kənd təsərrüfatı naziri İsmət Abasov Sumqayıta gəlmişlər.
Stefano Bosi əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül qoymuşdur.
Sumqayıt İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev qonaqla görüşərək şəhərin tarixindən və inkişafından danışmışdır. Bildirmişdir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirilməsi sayəsində sənaye
potensialına görə respublikanın ikinci şəhəri olan Sumqayıt sürətlə irəliləyir. Burada iqtisadiyyatın dinamik yüksəlişi ilə yanaşı, infrastruktur, o cümlədən idman infrastrukturu da inkişaf edir.
V.Əliyev Sumqayıt idmançılarının həm də stolüstü tennis sahəsində nailiyyətlərindən danışmış və demişdir ki, ötən əsrin 70-ci illərində mütləq Avropa çempionu Valentina Popova Sumqayıt tennis məktəbinin yetirməsidir. Milli yığmamızın üzvlərinin yarısından çoxu sumqayıtlılardır.
İcra başçısı xüsusi vurğulamışdır ki, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev ölkədə idmanın və idman hərəkatının inkişafına böyük diqqət yetirir. Hazırda respublikanın hər yerində müasir idman kompleksləri, bazalar tikilir, idman infrastrukturu sürətlə inkişaf edir. Bu baxımdan Sumqayıt da istisna deyildir. Şəhərdə Avropada analoqu olmayan paralimpiya mərkəzi, Olimpiya Kompleksi tikilir. Burada 4 idman cəmiyyəti, eyni zamanda, idman məktəbi və 17 klub fəaliyyət göstərir.
V.Əliyev Sumqayıtda stolüstü tennisin inkişaf etdirilməsi üçün bir sıra konstruktiv təkliflər irəli sürmüşdür.
Görüşdə çıxış edən Stefano Bosi şəhərin yaşayış massivlərindəki bəzi idman meydançalarının tennis kortlarına çevrilməsi ideyasını dəstəkləmişdir. Şəhərdə stolüstü tennis mərkəzinin yaradılması məsələsi də müzakirə olunmuşdur. Qonaq bu məsələlərə texniki və maliyyə cəhətdən dəstək göstərməyə hazır olduqlarını bildirmiş, milli Assosiasiyanın fəaliyyətindən razı qaldığını demişdir.
Həmin gün Stefano Bosi və onu müşayiət edən şəxslər şəhərin tennis kortunda olmuşlar. Burada məşq keçən gənc idmançılar maraqlı səhnənin şahidi olmuşlar. Avropa Stolüstü Tennis İttifaqının prezidenti Stefano Bosi və Respublika Assosiasiyasının prezidenti İsmət Abasov stolüstü tennisdə öz məharətlərini nümayiş etdirmişlər. 2006-cı il Avropa birinciliyində 4 yeri tutmuş Səbinə Əhmədova da qonaqla tennis oynamışdır.
Sonra qonaqlar gənc tennisçilərin məşq keçdiyi 18 nömrəli orta məktəbdə olmuş, dövlət rəsm qalereyasında şəhər rəssamlarının əl işlərinə baxmışlar.
Qonağa Sumqayıt haqqında ingilis dilində nəfis şəkildə nəşr olunmuş kitab hədiyyə edilmişdir.