AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ XÜSUSİ KOMİTƏSİ AZƏRBAYCANDA KEÇİRİLƏCƏK SEÇKİLƏRLƏ BAĞLI HESABAT HAZIRLAYACAQ
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ölkədəki seçkiqabağı vəziyyət, namizədlər üçün yaradılmış bərabər şərait və digər məsələlər barədə məlumat vermiş, missiyanın ölkəmizdə keçiriləcək seçkilərlə bağlı ədalətli, obyektiv gerçəkliyi əks etdirən hesabat hazırlayacağına ümidvar olduğunu bildirmişdir.
Missiyanın rəhbəri Leo Platvoyet demişdir ki, rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda seçkiqabağı vəziyyəti öyrənir və artıq bir sıra səmərəli görüşlər keçirmişdir. Bundan məqsəd vəziyyətlə əlaqədar tam obyektiv məlumat toplamaqdır. Əldə olunan məlumatlardan razılıqla danışan qonaq noyabrın 6-dakı seçkilərin tam demokratik, şəffaf və azad keçiriləcəyinə ümidvar olduğunu vurğulamışdır.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.