AVROPA ŞURASINDA CƏNUBİ QAFQAZ ÖLKƏLƏRİNİN TƏHSİL NAZİRLƏRİNİN KONFRANSI KEÇİRİLMİŞDİR
Konfransda bölgə ölkələrinin təhsil problemləri barədə məsələ müzakirə edilmişdir. Müzakirəyə qatılmış Azərbaycanın təhsil naziri Misir Mərdanov ölkəmizin Avropa Şurası ilə təhsil sahəsində əməkdaşlığı barədə ətraflı məlumat vermiş və Azərbaycan hökuməti tərəfindən təhsil sistemində aparılmış islahatlardan söhbət açmışdır. Nazir Cənubi Qafqaz regionunda mövcud münaqişələrə toxunmuş, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin nəticələrindən, o cümlədən qaçqın və məcburi köçkünlərin ağır vəziyyətindən danışmış, Dağlıq Qarabağ problemi həll olunmayınca bu ölkə ilə regional əməkdaşlığın mümkün olmadığını vurğulamışdır.
Azərbaycan nümayəndə heyəti dövlətimizin Avropa təhsil məkanına inteqrasiyası, ali təhsil sahəsində yeni qanunvericilik sənədlərinin Avropanın standartlarına uyğun hazırlanması və qəbulu, Boloniya prosesinin şərtlərinə uyğun olaraq ali təhsil sektorunda islahatların aparılması sahəsində görülən iş barədə hesabat təqdim etmişdir. Azərbaycan tərəfinin təqdim etdiyi hesabat ətrafında konstruktiv fikir mübadiləsi aparılmışdır.
Tədbirin sonunda iştirakçılar konfransın Bəyannaməsini, 2005-2006-cı illər üçün əməkdaşlıq üzrə Çərçivə Proqramını və digər sənədləri qəbul etmişlər.
Avropa Şurasının baş katibi ilə Cənubi Qafqaz ölkələri təhsil nazirlərinin görüşündə Misir Mərdanov bu beynəlxalq qurumla Azərbaycan arasında təhsil sahəsində həyata keçirilən əməkdaşlığı yüksək qiymətləndirmiş və Avropa Şurasının ölkəmizə yardım proqramını davam etdirməsinin vacibliyini qeyd etmişdir. Nazir, regionda mövcud münaqişələrin hərtərəfli əməkdaşlığın qarşısını aldığını bildirmiş və belə maneələrin tezliklə aradan qaldırılacağına ümidvar olduğunu bildirmişdir.
Təhsil naziri AŞ Katibliyinin təhsil, mədəniyyət, gənclər və idman məsələləri üzrə baş direktoru Qabriella Bataini-Draqoni ilə keçirdiyi görüşdə ikitərəfli əməkdaşlıq təşəbbüslərini, tarix fənninin tədrisi və məcburi köçkün uşaqlar üçün təhsil layihələrini müzakirə etmişlər.
Nazir səfər çərçivəsində Gürcüstanın təhsil naziri Aleksandr Lomaya ilə görüşündə iki ölkənin Avropa Şurasında əməkdaşlıq imkanlarını nəzərdən keçirmişdir.
Azərbaycanın AŞ yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyev görüşlərdə iştirak etmişdir.