Avropanın enerji təhlükəsizliyinin təmin olunması məsələlərində “Cənub” qaz dəhlizinin rolu vurğulanıb
Vaşinqton, 4 dekabr, Yusif Babanlı, AZƏRTAC
ABŞ-Avropa İttifaqı Energetika Məsələləri Şurası Bresseldə keçirilən altıncı iclasın nəticələrinə dair birgə bəyanat ilə çıxış edib. İclas Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Federiko Mogerini, Avropa Komissiyası sədrinin müavini Maroş Şefçoviç, Avropa İttifaqının komissarı Migel Arias Kanyete və ABŞ-ın dövlət katibi Con Kerrinin sədrliyi ilə keçirilib.
İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio de Vinçenti Avropa İttifaqı Şurasının Prezidentliyini, ABŞ-ın energetika nazirinin köməkçisi vəzifələrini icra edən Conatan Elkind ABŞ Energetika Nazirliyini təmsil ediblər.
Energetika Məsələləri Şurası energetika prioritetləri, şəffaf və təhlükəsiz qlobal energetika bazarlarının və normativ-hüquqi əməkdaşlığın təşviq edilməsi forumudur. İclasda enerji ehtiyatlarının nəqli problemləri, ABŞ ilə Aİ arasında azad ticarət (ticarət və investisiyalar üzrə Transatlantik tərəfdaşlıq) haqqında təklif edilən sazişin və Aİ-nin enerji siyasətinin detalları müzakirə edilib.
Şura Avropanın enerji təhlükəsizliyinin təmin olunması sahəsində nailiyyətləri, infrastrukturun inkişafı ilə bağlı sonuncu layihələri, o cümlədən Litvanın Klaypeda şəhərində maye qaz terminalının yaradılması layihəsini, “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimini, Ukrayna, Macarıstan və Polşa arasında mövcud revers rejimində qaz nəqli ilə bağlı layihələrlə bərabər, Ukrayna ilə Slovakiya arasında revers rejimində qaz nəqli layihəsini yüksək qiymətləndirib.
Xatırladaq ki, “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi 2014-cü il sentyabrın 20-də Bakı şəhərində olub.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton