AVROPAYA İNTEQRASİYA AZƏRBAYCANIN DAXİLİ TƏLƏBATIDIR
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlində Beynəlxalq Bertelsmann-2006 forumunun “Balkanlar və Qara dəniz bölgəsi Avropa üçün lakmus kağızı kimi” mövzusunda keçirilən birinci iclasında Avropanın genişləndirilməsi ilə bağlı verilən suala cavabında bildirmişdir.
Azərbaycanda Avropa İttifaqına üzvlük məsələsinin müzakirə edilmədiyini, ölkəmizin 5 il müddət üçün nəzərdə tutulmuş “Yeni qonşuluq siyasəti”nin həyata keçirilməyə başlanılması mərhələsində olduğunu söyləyən Prezident demişdir ki, bu siyasətin həyata keçirilməsi cəmiyyətimizin bütün sahələrini təkmilləşdirməyə, siyasi islahatları, demokratikləşmə prosesini davam etdirməyə, vətəndaş cəmiyyəti qurmağa, bütün azadlıqları təmin etməyə kömək göstərəcəkdir. Bununla Azərbaycan Avropa İttifaqının üzvləri üçün tələb edilən meyarlar səviyyəsinə qalxacaqdır. Ona görə “Yeni qonşuluq siyasəti”nə qoşulmaq, Avropaya inteqrasiya etmək bizim daxili tələbatımızdan irəli gəlir.