AVSTRALİYADA ƏRƏBLƏRLƏ İRQİ ZƏMİNDƏ KÜTLƏVİ SAVAŞ BAŞ VERMİŞDİR
16 adam həbs edilmişdir. Onlarca adam, o cümlədən 6 polis və iki həkim yaralanmışdır. Xeyli maddi ziyan vurulmuşdur.
Kronull çimərliyində bir neçə min sörfinq həvəskarı və digər şəxslər dekabrın 4-də iki xilasediciyə basqın edilməsinə etiraz olaraq nümayiş keçirmişlər. Güman olunduğuna görə, xilasedicilərə müsəlmanlar basqın etmişlər. Nümayiş çimərlikdə dincələnlərə - ərəb ölkələrindən olanlara və ərəblərə oxşayanlara hücumla nəticələnmişdir.
Çimərliyə polis bölmələri gətirilmişdir. Lakin gecə zorakılıq Marubra çimərliyini də bürümüşdür. Asayiş qüvvələri qonşu çimərliyə gedən yolları kəsməli olmuşlar.
Avstraliyanın Baş naziri Con Hovard bazar ertəsi mətbuat konfransı keçirərək, irqi və ya dini zəmində zorakılığın yolverilməz olduğunu bəyan etmişdir. O demişdir: “Təhsil səviyyəsindən və ya siyasi əqidəsindən asılı olmayaraq, bütün avstraliyalılar belə hallara yol verməməlidirlər”.
Sidneyin müsəlman icmasının nümayəndələri 4 dekabr hadisəsinə etnik xarakter verən məsuliyyətsiz KİV-lər tərəfindən qızışdırılan irqi nifrət kampaniyasını pisləmişlər.