Avstriyada dini icmalar “Fridays for Future” iqlim naminə gənclər hərəkatını dəstəkləyirlər
Vyana, 24 sentyabr, AZƏRTAC
Avstriyanın aparıcı dini icmalarının təmsilçiləri “Fridays for Future“ iqlim naminə gənclər hərəkatını dəstəklədiklərini və növbəti nümayişlərə aktiv şəkildə qatılacaqlarını bəyan ediblər.
AZƏRTAC xəbər verir ki, birgə mətbuat konfransında növbəti nümayişlərdə dini icmaların nümayəndələrinin də iştirak edəcəyi diqqətə çatdırılıb. İqlim dəyişikliyinin kiminsə inanıb-inanmayacağı məsələ deyil, artıq sübuta yetirilmiş elmi fakt olduğu vurğulanıb.
Roma-katolik, evangelikan, İslam və buddist icmalarının rəsmiləri “Yaradılışı hifz edək - İqlimi qoruyaq“ devizi altında cəmiyyətin bütün təbəqələrini iqlim dəyişikliklərinə həssas yanaşmağa çağırıblar. İslam Etiqad İcmasının nümayəndəsi Enis Buzar çıxışında bildirib ki, İslam dini insanlara dünyadakı tarazlığı pozmamağa dəvət edir və eyni zamanda təbiəti məhvə aparmamalıdırlar. O, müsəlmanların da mavi planetdə iqlimin qorunmasında fəal iştirak etdiklərini dilə gətirib.
Qeyd edək ki, isveçli iqlim aktivisti Qreta Tunberqin təşəbbüsü əsasında yaranan “Fridays for Future“ (Cümə günləri gələcək naminə) hərəkatı dünyanın əksər ölkələrində gənc nəslin qlobal iqlim nümayişlərini özündə ehtiva edir. Məktəbli və gənclərdən başlayan hərəkatda artıq cəmiyyətin digər təbəqələri də fəal şəkildə iştirak edirlər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana