Avstriyanın səhiyyə naziri ölkədəki epidemioloji vəziyyətin koronavirus pandemiyasının üçüncü dalğası olduğunu bildirib
Vyana, 19 mart, AZƏRTAC
Avstriyanın səhiyyə naziri Rudolf Anşober hazırda ölkədə koronavirusa yoluxmanın sürətlə artmasını pandemiyanın üçüncü dalğası kimi dəyərləndirib.
AZƏRTAC xəbər verir ki, hazırda ölkədə gündəlik yoluxma sayının 3500-ə çatması və xəstəxanaların reanimasiya şöbələrində 400-dək pasiyentin yerləşdirilməsi hökumətdə narahatlığı artırıb. R.Anşober bir neçə həftədən bəri yoluxmaların tədricən artan tendensiyasının “həyəcanverici vəziyyət” olduğunu, eləcə də aqressiv və daha yoluxucu virus variantlarının ölkənin paytaxt Vyananın da yerləşdiyi şərq regionlarında ümumi yoluxmaların 80-90 faizini təşkil etdiyini diqqətə çatdırıb.
Nazir qeyd edib ki, rəsmi elan olunmasa da pandemiyanın üçüncü dalğası Avropaya, eləcə də Avstriyaya çatıb. Avstriyada yoluxmalar kəskin şəkildə olmasa da, yüksələn xətt üzrə artır və artımın bu cür davam etməsi sərtləşdirici tədbirləri qaçılmaz edə bilər. Belə məhdudiyyətlərin qarşıdakı Pasxa bayramı ərəfəsində mümkünlüyünü vurğulayan R.Anşober konkret addımların nədən ibarət olacağına aydınlıq gətirməyib.
Nazir, eyni zamanda, ölkədəki vaksinasiya kampaniyası və onun müsbət nəticələrindən məmnunluq ifadə edib. Bildirilib ki, ölkə üzrə artıq 1,2 milyon nəfər peyvənd olunub və onlardan 11,5 faizinə peyvəndin ikinci komponenti vurulub. Ahıllar evlərində yoluxma hallarının azalması isə vaksinasiya prosesinin müsbət nəticəsi kimi qeyd edilib.
Yekunda bildirilib ki, vaksinasiya planı nəzərdə tutulduğu kimi davam edərsə, iyunun sonu - iyulun əvvəlində ölkədə peyvənd edilməli olan əhalinin üçdəiki hissəsi peyvəndlə təmin olunacaq.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana