İQTİSADİYYAT
Avtodaşıyıcılar üçün illik icazələrin Azərbaycan üzrə kvotası 1490 ədəd müəyyənləşdirilib
Bakı, 30 dekabr, AZƏRTAC
2023-cü il üçün Beynəlxalq Nəqliyyat Forumunun (BNF) çoxtərəfli illik icazələrinin milli avtodaşıyıcılar arasında bölgüsü keçirilib. Prosesdə ictimai iştirakçılıq təmin olunub. Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) xüsusi komissiyası tərəfindən icra edilən bölgüdə komissiya üzvləri ilə yanaşı, digər daşıyıcıların nümayəndələri də iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, 2023-cü il üçün BNF icazələrinin Azərbaycan üzrə kvotası 1490 ədəd müəyyənləşdirilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi 2022-ci illə müqayisədə icazələrin sayının 270 ədəd artırılmasına nail olub.
BNF icazələri ilə bir il ərzində Avropanın 43 ölkəsinə məhdudiyyətsiz sayda beynəlxalq yük daşımaları həyata keçirmək mümkündür. Bu növ icazələrin daşıyıcılar arasında bölgüsü Keyfiyyət Xartiyasının tələblərinə cavab verən daşıyıcılar arasında aparılır. Tələblərə əsasən, BNF icazələri ilə daşımaların həyata keçirilməsi üçün daşıyıcılar və sürücülər işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, avtonəqliyyat vasitələri isə texniki və ekoloji standartlara cavab verməlidirlər.
Azərbaycanda artıq 84 daşıyıcı bu tələblərə tam cavab verir. BNF icazələri də məhz həmin daşıyıcılar arasında bölünüb.
AYNA bu növ icazələrin istifadəsini monitorinq edəcək və Beynəlxalq Nəqliyyat Forumuna rüblük məlumatlar təqdim olunacaq.