Avtomobil ehtiyat hissələrinin satıldığı mağazadan oğurluq edən şəxs saxlanılıb VİDEO
Bakı, 21 mart, AZƏRTAC
Paytaxtın Nizami rayonunun Babək prospektində yerləşən, Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin texniki vasitələri ilə qorunan obyektlərin birindən oğurluq edilməsinin qarşısı alınıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin ünvanda yerləşən, xüsusi texniki vasitələrlə qorunan avtomobil ehtiyat hissələrinin satıldığı mağazadan Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan siqnalı” daxil olub. Qeyd edilən ərazi üzrə xidmət aparan Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib. Əraziyə 30 saniyə içində gələn idarənin polis əməkdaşları oradan bir nəfərin oğurluq etdiyinin şahidi olublar.
Polis əməkdaşlarını görən həmin şəxs ərazidən qaçmağa çalışsa da, mühafizə polislərinin çevikliyi sayəsində şübhəli şəxsi saxlamaq mümkün olub. Daha sonra həmin şəxs ərazi üzrə Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinə təhvil verilib.
Bölmədə araşdırma aparılan zaman onun Yardımlı rayon sakini Hüseyn Dadaşzadə olduğu məlum olub. Saxlanılan şəxsin ətrafında araşdırma aparılan zaman onun paytaxt ərazisində daha bir neçə obyektdən oğurluq etdiyi məlum olub.
H.Dadaşzadənin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya Nizami Rayon Polis İdarəsinə müraciət edə bilərlər.
DİN-in Baş Mühafizə İdarəsi bir daha əhalini əmin edir ki, mühafizə polisinə etibar edərək onlarla müqavilə bağlayan istənilən şəxsin xüsusi mülkiyyəti və obyekti günün hər bir saatında etibarlı şəkildə qorunur.