Azərbaycan alimi beynəlxalq konfransda sertifikata layiq görülüb
Bakı, 2 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Eksperimental botanika şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Ələddin Qədimov Özbəkistanın Daşkənd şəhərində ezamiyyətdə olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbir Özbəkistan Respublikasının Fənlər Akademiyası Mikrobiologiya İnstitutu, Mikrobiologiya Cəmiyyəti və Elm və İnnovasiya üzrə beynəlxalq elmi jurnalının təşkilatçılığı ilə keçirilib. Səfərin məqsədi Özbəkistan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş “Fundamental və tətbiqi mikrobiologiyanın müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak etmək olub.
Tədbirdə 30-dan çox ölkədən nüfuzlu alim və mütəxəssis iştirak edib.
Ə.Qədimov konfransda “Bəzi buğda genotiplərinin morfofizioloji parametrlərinə trixodermanın təsiri” mövzusunda məruzə ilə çıxış edib və sertifikata layiq görülüb.