Azərbaycan Atletika Federasiyasının baş katibi beynəlxalq mükafata layiq görülüb
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə Avropa Atletika Assosiasiyasının İsveçrənin Lozanna şəhərində keçirilən Konvensiyasında mükafata layiq görülüb.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, ənənəvi olaraq ilin sonunda keçirilən mükafatlandırma mərasimində Avropa Atletika Assosiasiyası bir neçə kateqoriya üzrə ən fəal üzv federasiyalara mükafatlar təqdim edir.
Mərasimdə Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə təmsil etdiyi qurumun inkişafındakı əvəzsiz roluna və Avropa Atletika Assosiasiyasının tədbirlərində fəal iştirakına görə mükafata layiq görülüb.