AZƏRBAYCAN AVARÇƏKƏNLƏRİ DÜNYA ÇEMPİONATINDA MÜBARİZƏYƏ BAŞLAYIRLAR
Bakı, 4 avqust (AZƏRTAC). Avqustun 5-də Fransanın Briv-la-Qayard şəhərində akademik avarçəkmə üzrə yeniyetmələr arasında dünya çempionatı start götürəcəkdir. Yarışda 60-dan çox ölkənin 800-dək idmançısı mübarizə aparacaqlar. Dünya birinciliyində Azərbaycanı Teymur Kutseba-Aleksandr Qlotov dueti təmsil edəcəkdir. 17 yaşlı avarçəkənlərimiz iki nəfərlik sükansız qayıqda çıxış edəcəklər.
Çempionatın proqramına əsasən, avqustun 5-də seçmə mərhələ yürüşləri olacaqdır. Həmin gün təsəlliverici yürüş də nəzərdə tutulmuşdur. Ertəsi gün dörddəbir, avqustun 7-də isə yarımfinal yürüşləri nəzərdə tutulmuşdur. Yarışa avqustun 8-də keçiriləcək final yürüşləri ilə yekun vurulacaqdır.
Ölkəmiz akademik avarçəkmə üzrə yeniyetmələrin dünya birinciliyində ikinci dəfə təmsil olunur. Ötən il avarçəkənlərimiz Avstriyanın Lints şəhərində keçirilmiş nüfuzlu yarışda zəif nəticə göstərmişlər. Cavid Əfəndiyev bir nəfərlik qayıqda 27 idmançı arasında 24-cü, Teymur Kutseba-Aleksandr Qlotov dueti iki nəfərlik sükansız qayıqda 24 iştirakçı arasında sonuncu, Əbdürəşid Mustafin-Aleksandr Jdanov dueti isə 32 iştirakçı arasında 31-ci yeri tutmuşlar. Məhz Kutseba-Qlotov dueti ikinci cəhdində uğurlu nəticə göstərmək əzmindədir.
Budəfəki yarışın əsas özəlliyi 2010-cu ildə Sinqapurda keçiriləcək Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşımasındadır. Teymur Kutseba-Aleksandr Qlotov dueti bu vəzifənin öhdəsindən gəlmək üçün finalda ilk beşliyə düşməyi bacarmalıdır.