AZƏRBAYCAN AVROPAYA QAZ NƏQL EDƏCƏK YEGANƏ YENİ ALTERNATİV MƏNBƏYƏ ÇEVRİLİR
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlində Beynəlxalq Bertelsmann-2006 forumunun “Balkanlar və Qara dəniz bölgəsi Avropa üçün lakmus kağızı kimi” mövzusunda keçirilən birinci iclasında vurğulamışdır.
İlham Əliyev Avropanın enerji strategiyasına da toxunmuş və demişdir: “Təəssüf ki, burada vahid siyasət görmürük. Belə ki, Avropada neft və qazdan danışanda hər kəs öz maraqlarını düşünür. Azərbaycan uzun müddət Avropa İttifaqının enerji siyasəti proqramına cəlb olunmaq üçün çox çalışmışdır. Yalnız keçən qış fəslində baş vermiş hadisələrdən sonra biz bu sahədə müəyyən təkliflər alırıq və bu da Avropa İttifaqının bizə marağını göstərir. Neft və qaz sahəsində qarşılıqlı əməkdaşlıq üçün çox gözəl potensialımız mövcuddur. Azərbaycan Avropaya qazı nəql edəcək yeganə yeni alternativ mənbəyə çevrilir. Çünki bütün digər alternativlər artıq fəaliyyət göstərir. Əlbəttə ki, bu, bizim ölkənin, regionun əhəmiyyətini artırır. Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələri böyük bir layihəyə cəlb olunublar və bu, regionu daha da sabit və təhlükəsiz edəcəkdir.