AZƏRBAYCAN BERLİNDƏ KEÇİRİLƏN BEYNƏLXALQ TURİZM SƏRGİSİNDƏ YÜKSƏK SƏVİYYƏDƏ TƏMSİL OLUNMUŞDUR
Təqribən 170 hektar sahəni əhatə edən Berlin Beynəlxalq Sərgilər Mərkəzinin pavilyonlarında hər ölkənin sərgi köşkü vardır. Ölkəmizin köşkü 5-ci pavilyonda yerləşir. Gənclər, İdman və Turizm Nazirliyinin bilavasitə rəhbərliyi, “İmproteks İravel”, “Vahid-S” turizm şirkətlərinin, “Qrand Avropa” mehmanxana kompleksinin əməli iştirakı ilə 50 kvadrat metr sahədə qurulmuş, girəcəyində iri hərflərlə “Azərbaycana xoş gəlmisiniz” sözləri yazılmış sərgi köşkümüzdə qədim tarixi mədəniyyət abidələrimizin, Şərq və Qərb memarlıq ənənələrini təcəssüm etdirən müasir mehmanxana komplekslərinin, müasir çoxmərtəbəli yaşayış binalarının maket və şəkilləri, Azərbaycan təbiətinin dilbər guşələrinin fotoşəkilləri, dəqiq işlənməsi və xüsusən üzərindəki milli naxış və bəzəkləri ilə orijinal milli formaya uyğunlaşdırılmış məişət, geyim əşyaları, milli ornamentli xalçalar və digər sənətkarlıq nümunələri iştirakçıların diqqətini dərhal çəkir.
Onlar ölkəmizin turizm imkanlarını və onun Qədim İpək Yolundan keçəcək marşrutlarını əks etdirən xatirələrə, nəfis şəkildə buraxılmış buklet və prospektlərə, turizm məlumat kitablarına və digər reklam çap məhsullarına maraq göstərirlər.
Azərbaycan nümayəndə heyətinə başçılıq edən Gənclər, İdman və Turzm naziri Əbülfəz Qarayev sərginin açılışı mərasimində yerli və xarici jurnalistlərə ölkəmizdə turizmin inkişaf perspektivləri barədə geniş məlumat vermişdir.
Sərginin ilk günü köşkümüzə gələn digər ölkələrin turizm təşkilatlarının rəhbər nümayəndələri respublikamızın ekspozisiyasını bəyənmiş, Azərbaycanın geniş turizm imkanlarına malik olması barədə xoş sözlər söyləmiş və sərginin keçirildiyi müddətdə Azərbaycanla turist qruplarının qarşılıqlı mübadiləsinə dair əməkdaşlıq müqavilələri imzalayacaqlarını bildirmişlər.
Sərginin ilk günü yüzlərlə insan köşkümüzə gəlib ekspozisiyalarımızla tanış olmuş, Azərbaycanın yalnız neft və qaz ölkəsi deyil, böyük turizm potensialına malik diyar olmasını təsdiq etmişlər.
“Berlin Beynəlxalq Turizm Sərgisi- 2004” martın 16-da başa çatacaqdır.