Azərbaycan CDBIO-nun plenar iclasında təmsil olunub
Bakı, 16 iyun, AZƏRTAC
Fransanın Strasburq şəhərində Avropa Şurasının Biotibb və Sağlamlıq sahəsində İnsan Hüquqları üzrə Rəhbər Komitəsinin (CDBIO) növbəti plenar iclası keçirilib.
İclasda Azərbaycanı UNESCO-nun Bioetika, elm və texnologiyaların etikası üzrə Azərbaycan Milli Komitəsinin sədr müavini, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Proteomiks beynəlxalq laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru İsmayil Zülfüqarov təmsil edib.
Bu barədə AZƏRTAC-a MBBİ-dən məlumat verilib. Bildirilib ki, CDBIO Biotibdə İnsan Hüquqları və Texnologiyaları üzrə Strateji Fəaliyyət Planının (2020-2025) ortamüddətli hesabatını yekunlaşdıraraq onu Avropa Şurasının Nazirlər Komitəsinə göndərməyə razılıq verib və daha sonra səhiyyədə süni intellekt üzrə pilot gənclər forumu keçirilib. CDBIO səhiyyədə innovativ müalicə və texnologiyalara ədalətli çıxış, süni intellekt və biotibb, genomiks və publik dialoq kimi məsələlərə baxaraq müvafiq qərarlar qəbul edib. Biotibb və Sağlamlıq sahələrində İnsan Hüquqları üzrə Rəhbər Komitəsinin 3-cü iclası Nazirlər Komitəsinin tapşırığı ilə xüsusi sorğu anketi hazırlayıb və onu üzv ölkələrə göndərib.