Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirilməsi ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən biridir
Naxçıvan, 2 mart, AZƏRTAC
1969-cu ildə Bakı Dövlət Universitetinin yaradılmasının 50 illik yubileyində doğma Azərbaycan dilində çıxış edən ulu öndər Heydər Əliyev dilimizin dövlət dili olması tələbi ilə məsələ qaldırıb və 1978-ci ildə Azərbaycan dili dövlət dili kimi Konstitusiyada öz əksini tapıb.
AMEA Naxçıvan Bölməsinin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu faktlar bölmədə fəaliyyət göstərən Heydər Əliyev lektoriyasının Azərbaycan dilinin inkişafına həsr olunan məşğələsində səsləndirilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra dilimizin keçdiyi tarixi inkişaf yoluna nəzər salıb. O, Ümummilli Liderin həyata keçirdiyi milli dil siyasətindən, dilimizin dövlət dili statusu alması və beynəlxalq səviyyəyə yüksəlməsindən danışıb.
Sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Heydər Əliyev irsində Azərbaycan dilinin inkişafı məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Vurğulayıb ki, Ulu Öndər 2001-ci il avqustun 9-da “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” Fərman imzalayıb. Həmin fərmana əsasən hər il avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.
Əbülfəz Quliyev bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2013-cü ildə imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncam ana dilimizin qorunmasına və inkişafına qayğının ən bariz nümunəsidir.
Alim bu siyasətin muxtar respublikada da uğurla davam etdirildiyini vurğulayaraq Naxçıvan Muxtar Respublikasında Dövlət Proqramının tətbiqi, dilimizin qorunub inkişaf etdirilməsi istiqamətində aparılan işlərdən, həyata keçirilən genişmiqyaslı tədbirlərin əhəmiyyətindən danışıb. Əbülfəz Quliyev muxtar respublikada “Ana dili” abidəsi ucaldıldığını, tariximiz və mədəniyyətimizlə yanaşı, dilimizin inkişafına da mühüm töhfə verən “Dədə Qorqud yurdu - Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”ı, “Kitabi-Dədə Qorqud” toponimləri” kimi əhəmiyyətli kitabların nəşr edildiyini deyib.