Azərbaycan Dillər Universitetində dəyirmi masa: Əsrin faciəsi Xocalı
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə “Əsrin faciəsi Xocalı” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masa ADU Yeni Azərbaycan Partiyası (YAP) ilk ərazi təşkilatı, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə reallaşıb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə rektor Kamal Abdulla bir çox dünya universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunmasını Azərbaycan həqiqətlərinin dünya gənclərinə çatdırılmasında mühüm addım kimi qiymətləndirib. O, Prezident İlham Əliyevin apardığı uğurlu beynəlxalq siyasət nəticəsində və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən mühüm işlərdən söz açıb.
Elm və innovasiyalar üzrə prorektor, professor Novruz Məmmədov bildirib ki, Azərbaycanın azadlığa gedən yolu mürəkkəb olub, lakin bu dövrdə artıq bir çox uğurlar əldə olunub. Prorektor söyləyib ki, media və sosial şəbəkələrin inkişaf etdiyi dövrdə Azərbaycanın öz maraqlarını, Xocalı soyqırımını dünyaya çatdırmaq imkanları genişdir. N.Məmmədov bu hadisələrin dünyaya çatdırılması nöqteyi-nəzərdən ADU-nun geniş beynəlxalq əlaqələrinin olduğunu qeyd edib.
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı İbrahim Kazımbəyli qeyd edib ki, qanlı olaydan 28 il ötməsinə baxmayaraq, indi də bu haqda danışmaq ağırdır. Xocalı soyqırımı haqqında tarixi faktlarla danışan İ.Kazımbəyli faciənin bəşəriyyətin üzləşdiyi ən qanlı soyqırımlardan olduğunu bildirib və tarixi ədalətsizlikdən söz açıb.
Həmin fakültənin tələbəsi Əhməd Alıyev bildirib ki, gənclər Xocalı soyqırımı ilə bağlı dolğun təsəvvürə malik olmalı, qanlı olayın reallıqları daim araşdırmalıdırlar.
Tələbələrlə iş və tərbiyə şöbəsinin müdiri, ADU YAP ərazi təşkilatının sədri Sərraf Hüseynov “Xocalı faciəsi ilə bağlı ADU-nun gördüyü işlər”, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının baş müəllimi Ramin Quliyev “Tarixin acı dərsi-Xocalı faciəsi”, Regionşünaslıq kafedrasının müəllimi Elşən Məcid “Dağlıq Qarabağ münaqişəsində üçüncü tərəf faktoru”, Beynəlxalq münasibətlər kafedrasının müəllimi Pərvin Əliyeva “Xocalı soyqırımının tanınmasında Azərbaycanın diplomatik fəaliyyəti” mövzularında çıxış ediblər.